Yanvarın 16-da Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Kibertəhlükəsizlik təhsili və əməkdaşlıq” mövzusunda görüş keçirilib.
Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində yaradılmış kiber klubların fəaliyyəti, o cümlədən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirilən təhsilə, habelə universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə dair ali təhsil müəssisələrinin, AKTA üzvü olan şirkət və təşkilatların, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa formatında müzakirələrin həyata keçirilməsidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru Fərhad Mirəliyev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli də iştirak etdikləri tədbirdə ümumilikdə 16 ali təhsil müəssisəsinin nümayəndələri tərəfindən informasiya texnologiyaları, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə təhsil prosesində əldə olunmuş nailiyyətlər, eləcə də müvafiq sahədə təhsillin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə atılmalı addımlar, ehtiyaclar, həmçinin yaranmış kiberklubların fəaliyyəti ilə bağlı fikirlər səsləndirilib.