Yanvarın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2024-cü il üçün ilk iclası keçirilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Elmi Şuranın 2023-cü ildəki son iclasından sonra baş verən ən mühüm hadisələr haqqında məlumat verib, qarşıda duran vəzifələr və perspektivlərdən söz açıb.
Daha sonra rektor ötən dövrdə elmi ad və dərəcələr almış əməkdaşlara müvafiq attestatları təqdim edib.
ADPU məzunlarının 2018-2021-ci illərdə işlə təmin olunması vəziyyəti və qarşıda duran vəzifələr barədə məruzə edən tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov diqqətə çatdırıb ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq əsasında hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının təqdim etdiyi məlumatlara əsasən, 2018-2021-ci illərdə ADPU məzunlarının 51,6%-i işlə təmin olunub. Bu da analoji dövrdə ölkə üzrə məzunların ümumi məşğulluq səviyyəsinə yaxın göstəricidir (58,8%) və Pedaqoji Universitet məzunların işlə təmin olunması üzrə ölkə universitetləri arasında 4-cü yerdədir. 4 il ərzində məzunların işlə təmin olunması üzrə ən yüksək nəticə isə 2021-ci ildə (55,3%) müşahidə olunub.
İxtisaslar üzrə isə ən çox işlə təmin olunan məzunlar say baxımından Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirənlər, faiz nisbəti baxımından isə riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirənlərdir (62,5 faiz).
Pedaqoji Universitetin qadın məzunları məzun olduqdan 2-3 ay müddətində işlə təmin olunduğu halda, kişi məzunlarda bu müddət əksərən 13-15 ay olaraq qeydə alınır (hərbi xidmət və digər obyektiv səbəblərdən). ADPU məzunlarının işlədikləri 10 əsas iş yerindən 9-u ixtisas, 1-i qeyri-ixtisas üzrədir.
Dos. Eldar Aslanov eyni zamanda “ADPU-nun struktur bölmələrində peşəkar təcrübə proqramının təşkili Qaydası”nın təsdiq edilməsi, “ADPU-da ingilis dilinin tədrisinin təkmilləşdirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi və ADPU-da Təhsil Tədqiqat və Kommunikasiyalar Mərkəzinin (TTKM) yaradılması barədə məruzə edib.
İctimayətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov “Pedaqoji Universitetin Təhsil Liderləri” müsabiqəsinin elan olunması haqqında təqdimat edib. Qeyd olunub ki, müsabiqə Pedaqoji Universitetin istedadlı tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq məqsədi ilə həyata keçirilir.
2024-cü ilin fevral-may ayları ərzində həyata keçirilməsi nəzərdə tutulan müsabiqədə yalnız ADPU-nun bakalavriat və magistatura səviyyəsində təhsil alan tələbələri iştirak edə bilər. Yekunda 10 nəfərin qalib olması gözlənilir. Ümumi mükafat fondu 10.000 AZN olan müsabiqənin hər bir qalibinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, mentorlarla 1 illik peşəkar inkişaf proqramı, ödənişsiz kurslar, kadr bankına əlavə olunma və referans alma imkanlarıı təqdim olunacaq. Müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.
Daha sonra Maliyyə komissiyasının təklifləri barədə məruzə edən rektorun müşaviri Ümid Mehdiyev vurğulayıb ki, ADPU-da əməkdaşların əmək haqqının minimum 10 faiz artırılması təklif olunur.
Sonda elm və innovasiyalar üzrə prorektor, prof. Asəf Zamanov professor və dosent elmi adlarının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması barədə məruzə edib və digər cari məsələlər müzakirə olunub.
Yekunda təkliflər və qərar layihələri səsə qoyulub və yekdilliklə qəbul olunub.