Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (AR ETN) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə həyata keçirdiyi “Məktəb Liderliyi Proqramı”nın II çağırışı çərçivəsində proqram iştirakçıları ilə təlimdənkənar fəaliyyət təşkil olunub. Proqramın təlim modullarından biri olan “Məktəbdə səmərəli ünsiyyətin və sağlam psixoloji mühitin təşkili və idarə olunması” modulu üzrə “Məktəbdənkənar təhsilin təşkili” mövzusunda seminar keçirilib.
Seminar uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafının təmini istiqamətində fəaliyyət göstərən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutub. Mərkəzin direktoru Lalə Qəti öz çıxışında məktəbdənkənar təhsilin təşkili, məzmunu, əsas fəaliyyət istiqamətləri, təhsilalanların inkişafındakı əhəmiyyəti barədə danışıb. Həmçinin mərkəzdə mövcud olan müxtəlif istiqamətli fəaliyyətləri – musiqi, rəsm, robotexnika, mental arifmetika, aktyorluq, rəqs və s. əks etdirən videoçarxlar nümayiş olunub, mərkəzə müraciət qaydaları ətraflı izah edilib.
Müzakirələrdən sonra proqram iştirakçıları müasir dövrün və çağdaş gəncliyin tələblərinə cavab verən təchizatlarla təmin olunmuş mərkəzdə ekskursiya ediblər. Onlar ölkəmizdə yaradılan, təhsilalanların hərtərəfli inkişafına töhfə verən məktəbdənkənar təhsil müəssisələrinin faydaları və orada icra olunan proseslərlə əyani tanış olmaq imkanı əldə ediblər.
Seminarın 2-ci hissəsində modul üzrə təlimçi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi Aydan Əzimzadə təhsilalanların psixoloji sağlamlığının dəstəklənməsində sosial fəaliyyətin rolu, məktəbdənkənar təhsilin şagirdlərin öyrənmə motivasiyasına təsiri haqqında danışıb.
Seminar iştirakçıların ümumtəhsil məktəbləri kontekstindən çıxış edərək mövzuya dair yürütdüyü fikirlər və qarşılıqlı diskussiya ilə davam edib.