Şərəfli müəllim adı daşıyanları yetişdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin əziz xanım əməkdaşları, müəllim və tələbələri!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə və şəxsi həyatınızda davamlı müvəffəqiyyətlər arzulayıram.
Bu günün qeyd olunmasının təməl ideyasını qadın və qızların ictimai həyatda fəal iştirakı, gender bərabərliyinin, hüquq və azadlıqların təmin edilməsi kimi ümumbəşəri dəyərlər təşkil edir. Ölkəmiz də daxil olmaqla bir çox dünya dövlətlərində bu günün bayram olunması böyük tarixi ənənələrə malikdir.
Azərbaycan cəmiyyəti həmişə qadınlara böyük hörmət və ehtiram bəsləmiş, ana və bacılara, qız övladlara xüsusi qayğı göstərmişdir. Bu ənənələrə və tarixi köklərə söykənərək, hələ 1918-ci ildə, ən qabaqcıl dünya dövlətlərindən öncə Azərbaycanda qadınların bütün ictimai-siyasi hüquq və azadlıqları qanunvericiliklə rəsmən təmin edilib, seçib-seçilmək, təhsil və s. hüquqları geniş şəkildə bərqərar olub.
Ölkəmiz yenidən öz müstəqilliyini qazandıqdan sonra da Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli siyasi kursda dövlət qadın siyasəti prioritet yerlərdən birini tutdu. Bu siyasi xətt hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda qadınlar ölkəmizin həyatının bütün sahələrində aktiv rol oynayırlar.
Əziz xanımlar!
Vətən torpaqlarının yağı düşməndən azad olunmasında qəhrəmanlıqlar göstərmiş igid oğul və qızlarımızı yetişdirən Azərbaycan xanımı bu gün də milli-mənəvi dəyərlərimizin qorunmasında, gənc nəslin tərbiyəsində, dövlətimizin sosial-iqtisadi, siyasi və mədəni inkişafında layiqli rol oynayır. Bu sırada bizim doğma kollektivin zərif üzvləri də mühüm yer tuturlar.
Sizi bir daha Beynəlxalq Qadınlar Günü münasibətilə ən səmimi hisslərlə təbrik edir, cəmiyyətimizin nəcib və şərəfli nümayəndələri kimi müqəddəs peşənizdə və təhsilinizdə bol uğur, şəxsi həyatınızda cansağlığı və əsl səadət arzulayıram.
Bayramınız mübarək!