Previous Next

ADPU-nun Şəki filialında konfrans: 31 Mart Soyqırımı: Qisas qiyamətə qalmadı

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 1918-ci ilin 31 Mart Soyqırımının 106-cı ildönümünə həsr olunmuş “31 Mart Soyqırımı: Qisas qiyamətə qalmadı” mövzusunda elmi konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər. 
Əvvəlcə, 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 1918-ci ilin bu qanlı hadisələri haqqında videoçarx nümayiş etdirilib. 
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, 106 il bundan əvvəl, 31 mart - 3 aprel tarixlərdə sovet-bolşevik və erməni-daşnak silahlı dəstələri Azərbaycanın bir sıra ərazilərində - Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və İrəvan quberniyasında və digər bölgələrdə misli görünməmiş soyqırımlar törədib, 200 mindən çox soydaşımızı qətlə yetirib, kənd və şəhərlərimizi yandıraraq külə çevirib, tarixi abidələrimizi dağıdıblar. Erməni daşnakları təkcə Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv ediblər. 
Qeyd olunub ki, sovetlər dönəmində bu dəhşətli faciə xalqdan gizlədilib, bu barədə danışmaq, yazmaq yasaq edilib.
Dövlət müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə, 26 mart 1998-ci il tarixdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalanıb. 
Konfransda filialın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov “Erməni vəhşilikləri tarixi mənbələrdə”, həmin kafedranın baş müəllimi Tahir Məhərrəmov  “31 Mart soyqırımı XX əsrin əvvəllərində erməni vəhşiliyinin təzahürü kimi” mövzularında çıxış ediblər. 
Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mənfur düşməndən layiqli qisas alıb, tarixi ədalətsizliyi aradan qaldırmağa nail olub.
O cümlədən, ADPU–nun Şəki filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbələrindən Gülnar Hikmətli və Nahidə Salamova pedaqoji internatura keçdikləri  Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə məktəbin pedaqoji kollektivinin nümayəndələri ilə birgə 31 Mart soyqırımına həsr olunmuş tədbir təşkil ediblər.Tədbirdə məktəbin şagirdləri, müəllimlər, tələbələr və təcrübə rəhbərləri iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search