Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Bu baxımdan, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə cari ilin aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri xüsusi önəm daşıyır.
Ölkə başçısı cənab İlham Əliyev Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxış edərək bildirmişdir: “Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir”.
İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır.
Onu da qeyd etmək lazımdır ki, səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi idi. Səfər zamanı bu məqama toxunan Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar”.
Göründüyü kimi, müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda doğma Vətəninin harayına yetişən, bütün çətinliklərə, maneələrə, təzyiqlərə baxmayaraq, ölkəmizi təhlükələrdən, tənəzzüldən xilas edib dinamik inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Professor Fikrət Rzayev
Əməkdar müəllim, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru