Previous Next

Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir

Müasir dövrdə Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf edir. Ölkəmizin Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanla münasibətləri çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və möhkəm təmələ əsaslanan Azərbaycan-Qırğızıstan münasibətləri ötən müddətdə bu varislik sayəsində uğurla inkişaf edib. Ulu Öndər Heydər Əliyevin qırğız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib. Şübhəsiz ki, bu əməkdaşlığın möhkəmlənməsinə xalqlarımız arasında dərin tarixi və mənəvi köklərin mövcudluğu da mühüm təsir göstərib. İki ölkə arasında bütün dövrlərdə hər hansı bir siyasi ziddiyyətin yaranmamasında da özünü qabarıq büruzə verib.  

Bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

 Cari ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri gələcəkdə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi baxımından səmərəliliyi, müsbət nəticələri ilə diqqət çəkdi. Görüş zamanı mətbuata verdiyi bəyanatında hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşdığını vurğulayan ölkə başçısı cənab İlham Əliyev bildirmişdir: “Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir”.

Bu gün hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı nəticəsində ticari-iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Belə bir əlverişli mühit bu dövlətlər arasında iqtisadiyyatın liberallaşdırılmasına yönələn addımların atılması zəruriliyini önə çıxarır. Buna görə də, Qırğız Respublikasının dövlət başçısı Azərbaycanın biznes dairələrini qardaş ölkədə azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edib.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaqdır.

Göründüyü kimi, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühüm addımlar atır, təşəbbüslər göstərir. Bütün bu diplomatik uğurlar isə ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.

professor Mahirə Hüseynova,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search