Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə, Elmi Şuranın sədri, ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Mahirə Hüseynovaya Dünya Söz Akademiyasının fəxri akademik üzvlüyü diplomunu və Xuraman Səfərova, Səbinə Hacıyeva və Şəfa Məmmədovaya dosent attestatlarını təqdim edib.
Şuranın iclasında Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov “ADPU-da professor-müəllim heyətinin 2023-cü ildə fəaliyyətinin Reytinq qiymətləndirməsinin hesabatı”nı təqdim edib. Hesabatda qeyd olunub ki, 2023-cü ildə qiymətləndirmədə, ümumilikdə 1271 nəfər iştirak edib. Qiymətləndirmənin nəticələrinə görə, həm ADPU, həm filiallar, həm də Pedaqoji Kollec üzrə professor-müəllim heyətinin orta ballarında artım müşahidə olunur. Əgər ötən ilin qiymətləndirməsinə əsasən, ən çox bal aralığı 30-500 arasında dəyişirdisə, cari ildə bu dinamika 200-500 aralığında özünü göstərir. Bu tendensiya fakültələrdə 300-1500, filiallarda 200-700, ADPK üzrə isə 200-500 bal aralığında təzahür edir. ADPU üzrə tələbələr müəllimlərin 60 faizə qədərini 85-100 bal, 35 faizə qədərini isə 65-85 bal aralığında qiymətləndirir. Reytinq qiymətləndirilməsinə cəlb olunan 1271 müəllimdən 1071-nin il ərzində müxtəlif yerli və xarici nəşrlərdə 2166 elmi əsərləri dərc olunub ki, bu əsərlərin 9 faizə qədəri “Web of Science” və “Scopus”, 23 faizə qədəri digər beynəlxalq bazalarda indekslənən, 36 faizə qədəri isə AAK tərəfindən tövsiyə olunan jurnallarda nəşr olunub.
Şöbə müdiri sonda Keyfiyyət Komissiyasının təhlilləri əsasında il ərzində “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda məqalələri dərc olunan müəllimlərə əlavə pul mükafatının da təyin olunmasını təklif edib.
Sonra Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli şöbənin illik hesabatını təqdim edib. Vurğulanıb ki, şöbə tərəfindən ADPU-da fəaliyyət göstərən bütün strukturlar və tələbə təşkilatları, maraq klubları ilə birgə tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə sistemlışdirilmiş iş aparılır. Belə ki, planlama və əlçatanlığı təmin etmək məqsədi ilə şöbə “Microsoft To Do” və “Planner” proqramları, eləcə də onlayn təqvim vasitəsi ilə tədbirləri koordinasiya edir.
T.Kərimli diqqətə çatdırıb ki, il ərzində şöbə tərəfindən tədris və imtahan proseslərinin təşkili, universitet xidmətlərindən məmnunluqla bağlı, eləcə də yeni qəbul olunan tələbələr və məzunların fikir və təkliflərini öyrənməklə bağlı 5 sorğu təşkil olunub. Eləcə də, Pedaqoji Universitetin tələbə təşkilatları tərəfindən il ərzində 911 fəaliyyət icra olunub ki, bunların 841-i ənənəvi, 70-i onlayn formatda olub.
Sonda təklif olunub ki, professor-müəllim heyətinin reytinq qiymətləndirilməsində “Tələbələrin ictimai fəaliyyətinə dəstək” bölməsi də nəzərə alınsın.
Daha sonra elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” adlı elmi-praktik konfransının keçirilməsi, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU 2030 Strateji İnkişaf Planının layihəsinin müzakirəyə çıxarılması, rektorun müşaviri Ümid Mehdiyev yeni fəaliyyət planının icrası, Tədris departamentinin direktoru dosent Sənan Əliyev isə “ADPU-da tələbəyə ailə vəziyyətinə görə akademik məzuniyyətinin verilməsi qaydası”nın təsdiqi və tədris-metodiki vəsaitlərinin nəşrinə icazə verilməsi barədə məruzə ediblər.
Təqdim olunan hesabatlar və məruzələr ətrafında müzakirələr aparılıb və hesabatlar qəbul edilib, müvafiq məsələlər haqqında müsbət qərarlar qəbul olunub.