Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Şəki filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və ətraf mühit” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, ADPU-nun Təlim-Tədris Mərkəzinin əməkdaşları, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Pərvanə İsayeva, eləcə də Şəki şəhərindəki təhsil müəssisələrinin rəhbərləri, şəhər ziyalıları, ADPU-nun Şəki filialının professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Konfransdan öncə tədbir iştirakçıları Ulu Öndərin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət ediblər.
ADPU-nun Şəki filialında davam edən konfransda filialın direktoru, dosent Vurğun Məmmədov iştirakçıları salamlayıb, konfransa qatıldıqlarına görə təşəkkür edib. Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və öləkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prof. Mahirə Hüseynova konfransda “Heydər Əliyev və strateji azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış edib. Natiq çıxışında Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında tarixi xidmətlərindən, ölkənin ictimai-iqtisadi, siyasi və mədəni həyatında əzmkarlıqla apardığı quruculuq işlərindən və islahatlardan, bu siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən sədaqətlə, dönmədən, qətiyyətlə və uğurla davam etdirilməsindən bəhs edib.
“Heydər Əliyevin ekoloji siyasəti (çağdaş dünyanın müasir çağırışları kontekstində)” adlı məruzə ilə çıxış edən filialının direktoru, dos. Vurğun Məmmədov bildirib ki, müasir Azərbaycanın 1969-cu ildən 2003-cü ilə qədərki tarixi dünya şöhrətli ictimai-siyasi xadim, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Onun ölkəyə rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, ekoloji siyasət sahəsində də möhtəşəm tədbirlər həyata keçirilib, davamlı ekoloji siyasət konsepsiyası işlənilib hazırlanıb, bu sahədə struktur islahatları aparılıb, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
“Ümummilli Lider Heydər Əliyevin ekoloji siyasət konsepsiyasının prioritetləri” mövzusunda təqdimatla çıxış edən filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev əsas diqqəti Ulu Öndərin ekoloji siyasət konsepsiyasının prioritetlərinə yönəldib və qeyd edib ki, bu konsepsiyada ətraf mühitin mühafizəsi, ekosistemin qorunması və artırılması, təbii ehtiyyatlardan indiki və gələcək nəsillərin rifahı naminə səmərəli istifadə olunması əsas prioritetlər olub. Məruzəçi ölkənin hazırkı ekoloji durumuna toxunaraq qeyd edib ki, Azərbaycan zəngin flora və faunaya, füsünkar təbiətə malik unikal bir coğrafi məkandır.
Konfransda çıxış edən filialın Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ətraf mühitin qorunması və sağlamlaşdırılması istiqamətində tarixi rolundan, Ədəbiyyat İnstitutunun professoru Pərvanə İsayeva isə Azərbaycanda ekoloji sabitliyin qorunub saxlanmasında Heydər Əliyevin xidmətlərindən bəhs edib.
Yekun nitqi ilə çıxış edən prof. Mahirə Hüseynova Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş elmi-praktik konfransın yüksək səviyyədə təşkilindən bəhs edib, gələcəkdə də belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Konfransda Şəki şəhər 4 nömrəli musiqi məktəbinin bədii kollektivinin və ADPU-nun Şəki filialının tələbələrinin ifasında Heydər Əliyevə və doğma yurda aid ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, nəğməkar şair Mahirə Nağıqızının şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.