Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı bəhs edib: "Xalqımız öz dahi liderinin səyləri nəticəsində tarixin ən çətin sınaqlarından şərəflə çıxaraq tərəqqi yolu ilə irəlilədi, dünya xəritəsində layiqli yerini tutaraq müstəqilliyini əbədi və dönməz etdi. Xalqımız xoşbəxtdir ki, Azərbaycanın hərtərəfli, müstəqil və davamlı inkişafı məqsədini daşıyan Heydər Əliyev siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir".
Ardınca filialın sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova “Türk dünyasının lideri Ulu Öndər Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış edib. Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Kamal Balakişiyev “Azərbaycan elminin inkişafında Heydər Əliyev irsinin rolu”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Səkinəxanım Xasıyeva isə “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili təəssübkeşliyi” mövzusunda çıxış ediblər.
Sonda tələbələrin ifasında Ulu Öndərə həsr olunan şeirlər dinlənilib.