Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Rəsulzadə və onun yaxın silahdaşı Mustafa Vəkiloğlu” adlı tədbir keçirilib. Tədbirdən əvvəl qonaqlar filialla tanış olaraq, burada yeni yaradılan mərkəzlər və müasir auditoriyalarla tanış olublar.
Ulu Öndər Heydər Əliyevin və cümhuriyyət xadimləri və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikalarının Dövlət Himninin ifa edilib.
Giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Yusif Alıyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama müvafiq olaraq ADPU-nun Quba filialının təşkilatçılığı ilə keçirilən tədbir həm də Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğlu ilə bağlı “Çapar” nəşriyyatında hazırlanmış “Mustafa Vəkiloğlu: Məktublar, məqalələr” kitabının təqdimatı ilə əlamətdardır.
Direktor qeyd edib ki, böyük Vəkilovlar ailəsindən olan Müvəkkil Hüquq Mərkəzinin sədri, “Oxu” Akademiyasının rəhbəri Səməd Vəkilov, tanınmış maliyyəçi Şöhrət Vəkilov, əməkdar mühəndis Ramiz Vəkilov, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Vəkilova da tədbirdə iştirak edirlər.
Çıxış edən Səməd Vəkilov belə tədbirlərin Mustafa Vəkilov kimi dahi şəxsiyyətlərin irsi və əməli fəaliyyətlərinin öyrənilməsində əhəmiyyətini vurğulayıb. Daha sonra Mustafa Vəkiloğlunun Məhəmməd Əmin Rəsulzadə ilə münasibətlərindən, həmin dövrün ictimai-siyasi portretindən, Cümhuriyyəti-ənam (xalq cümhuriyyəti) uğrunda mübarizəsindən danışıb.
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov çıxışında “Dahilər müzakirə olunmur, sadəcə öyrənilir” deyərək yalnız həmin dövrün ictimai-siyasi mənzərəsi ilə tanış olaraq bu şəxsiyyətlərin fəaliyyətini qiymətləndirə biləcəyimizə diqqət çəkib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova 1918-ci il hadisələri zamanı ermənilərin elə ilk hücumlarından sonra silaha sarılan Balo bəy Vəkilov haqqında danışıb.
Daha sonra şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, həmçinin filialın baş müəllimi Təhminə Əliyeva, Əməkdar mədəniyyət işçisi, Humanitar elmlər kafedrasının müəllimi Elza Orucova, Ədəbiyyat və dillər kafedrasının müdiri v.m.i.e. Gülşən Ağabəy, fakültə dekanı v.m.i.e. Nübar Bayramova, müəllim Kəmalə Bayramova da mövzu ətrafında fikir bildirib. I tədris ili tələbəsi, həvəskar şair Günəş İskəndərov Xəlil Rza Ulutürkün “Odər yurdu, od torpağı” şeirini səsləndirib.
Tədbirdə Mustafa Vəkiloğlunun oğlu Nadir Vəkiloğlunun tarixi qələbəmiz zamanı Ali Baş Komandan İlham Əliyevə ünvanladığı təbrik videosu, filialın fakültə üzrə TEC sədri Zəhra Məmmədovanın hazırladığı “Zülmətdə parlayan işıq” adlı divar qəzeti nümayiş olunub.
Sonda tədbir iştirakçılarına “Mustafa Vəkiloğlu: Məktublar, məqalələr” kitabı hədiyyə edilib.