Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədris departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin təşkilatçılığı ilə magistratura səviyyəsinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş sonuncu tədris ili tələbələri ilə infosessiya keçirilib.
İnfosessiyada magistraturaya qəbul imtahanlarında iştirak edən ADPU-nun 600-dək tələbəsindən yüksək nəticə göstərmiş 200-dən çox tələbə iştirak edib.
Giriş sözü ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov qeyd edib ki, son illər Pedaqoji Universitetdə təhsilin, o cümlədən magistratura səviyyəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, dövrün tələblərinə uyğun olaraq yeni ixtisaslaşmaların açılması haqqında danışıb, ADPU-da yalnız magistrantlar üçün nəzərdə tutulmuş xüsusi “Magistrant” dövri-elmi jurnalının nəşr olunduğunu, hər il respublika elmi konfranslarının keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bakalavrlar hazırda ADPU-nun magistratura səviyyəsində müəllimlik ixtisasları üzrə metodika, SABAH magistratura, menecment, təhsilin təşkili və idarə olunması, təlim və tədrisin təşkili və metodikası, gənclərlə iş, sosial iş, habelə ADPU-CVU ikili diplom proqramında təhsillərini davam etdirə bilərlər.
Çıxış edən Elmi-təşkilati şöbənin müdiri, prof. İbrahim Bayramov qeyd edib ki, hər bir ali təhsil müəssisəsinin əsas göstəricilərindən biri onun məzunlarının uğurlarıdır. Bu baxımdan ADPU hər bir məzununu diqqətlə izləyir və onların bakalavriatdan sonrakı elmi-pedaqoji inkişaflarında da olduqca maraqlıdır.
Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova vurğulayıb ki, Pedaqoji Universitetdə tələbə və məzunların fəaliyyəti daimi olaraq izlənilir və onlarla qarşılıqlı fəaliyyət icra olunur. Diqqətə çatdırılıb ki, hazırda Bakı şəhərindəki 86 ümumi təhsil məktəbinin direktoru, eləcə də regionlarda təhsil sahəsində qabaqcıl rəhbər vəzifə tutan 967 nəfər ADPU məzunu var.
Gənc müəllim, dosent Şəbnəm Əsədova tələbələrin magistr ixtisasları seçərkən dövrün aktual peşələrinə və maraq dairələrinə uyğun olaraq ən uğurlu olacaqları sahəni seçmələrinin vacibliyini vurğulayaraq, təhsil menecmenti, marketinqi, təlim və tədrisin təşkili və metodikası sahələri üzrə Pedaqoji Universitetdə yüksəksəviyyəli magistrlərin hazırlandığını diqqətə çatdırıb.
Daha sonra infosessiya tələbələrin Pedaqoji Universitetdə magistratura təhsili almaqla bağlı müxtəlif suallarının cavablandırılması ilə davam edib.