Mayın 15-də Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) V tədris binasında olub.
Səfir Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli, elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev və ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyevanın müşayiəti ilə tədris binasında tədris mühiti və dərs prosesi ilə tanış olub.
Ziyarət zamanı C.Bağçı ADPU-nun Strateji İnkişaf Mərkəzinin fəaliyyəti, ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə magistratura üzrə ikili diplom proqramı, bakalavr və magistratura səviyyələri üzrə “SABAH” qruplarının tələbələri, Elm və Təhsil Nazirliyi və Alqoritmika şirkətinin birgə əməkdaşlığı çərçivəsində ADPU tələbələri ilə həyata keçirilən “Alqoritmika – rəqəmsal bacarıqların inkişafı” layihəsinin iştirakçıları üçün burada yaradılan tədris mühiti və dərs prosesinin təşkili haqqında məlumatlandırılıb.
Qeyd edək ki, ADPU-nun V tədris binasında təxminən 550 nəfərə yaxın tələbə təhsil alır.