Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Üsküdar Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Üsküdar Universitetinin rektoru professor Nazifə Güngör, Media və kommunikasiya şöbəsinin müdiri dosent Gül Əsra Atalay, ADPU-nun rektoru professor Cəfər Cəfərov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.
Görüşün məqsədi ADPU və Üsküdar Universiteti arasında mümkün əməkdaşlıq imkanlarının müzakirəsi olub. Eyni zamanda təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, konfrans və seminarların birgə təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Professor Cəfər Cəfərov ADPU ilə Türkiyə universitetləri arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə atılacaq addımları dəstəkləyəcəyini bildirib. O, həmçinin, hər iki universitetin akademik potensialından səmərəli istifadə etməklə təhsil keyfiyyətinin artırılmasının önəmini vurğulayıb.
Üsküdar Universitetinin rektoru Nazifə Güngör də təmsil etdiyi universitet haqqında ətraflı məlumat verərək qurulacaq yeni əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün perspktivlərdən bəhs edib.
Yekunda qonaqlar universitetin tədris binası, yeni açılmış “Türk dili və ədəbiyyatı” ixtisasının tələbələri, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Türksoy kafedrası, Türkoloji Mərkəz, Heydər Əliyev Mərkəzi və kitabxana ilə tanış olublar.