Bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçıları qeyri-rəsmi Zirvə görüşündə bir araya gəlirlər. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Bu, bir daha ölkəmizin Türk dövlətləri ilə münasibətlərə necə böyük əhəmiyyət verdiyini göstərir. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğulayır. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi bu fikirlər Türk dünyasının birliyinin möhkəmləndirilməsinə və inkişafına ölkəmizin verdiyi önəmi nümayiş etdirir.
Ölkəmizin Türk dünyası ilə əlaqələrini nümayiş etdirən amillərdən biri də intensiv qarşılıqlı səfərlərdir. Bir neçə gün əvvəl dövlətimizin başçısı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə qeyd etdiyi kimi, o, son iki ildə Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidenti isə həmin müddətdə Azərbaycana üç dəfə səfər edib. Bundan əlavə, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr prezidentləri, həmçinin Macarıstanın Baş naziri ötən iki ildə Azərbaycana səfərlər ediblər. Prezident İlham Əliyev də sözügedən ölkələrdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çoxdur. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub. Rəqəmlərdən də görünür ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə əməkdaşlığı getdikcə daha geniş vüsət alır.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas həlqələrindən biri hesab edilir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni, Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların mallarının Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm platforma olacaq.
Cavid Hüseynov,
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi