Previous Next

Ölkəmizin artan nüfuzu, Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzən artıq Qərbdə də qəbul edilir

Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, möhkəmlənən mövqeyi göz qabağındadır. Prezident İlham Əliyevin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada təşkil olunan Zirvə toplantısı çərçivəsində keçirdiyi Avrasiya miqyaslı görüşlər və söylədiyi fikirlər, iyu­lun 6-da Şuşada Türk Dövlətləri Təşkilatı­nın Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması, iyulun 11-də Pakistan İs­lam Respublikasına dövlət səfəri zamanı apardığı danışıqlar və imzalanan sənəd­lər, eləcə də iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı zamanı şahidi olduğumuz tarixi faktlar sü­but edir ki, bizim üçün artıq heç bir ölkə ilə problem qalmayıb.

“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı edən Prezident İlham Əliyev bildirmişdir ki: “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir”.

Qeyd edək ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Belə ki, Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.

Bu günədək Avropa Siyasi Birliyinin ümumilikdə üç iclası keçirilib. İlk sammiti 2022-ci ilin oktyabrında Praqada 44 ölkənin iştirakı ilə baş tutan toplantıya Azərbaycan Prezidenti də dəvət olunub. Ölkəmizin hər toplantıya çağırılması Böyük Britaniyanın Azərbaycana necə əhəmiyyət verdiyinin, onu etibarlı tərəfdaş kimi qəbul etdiyinin təcəssümüdür. Təbii ki, burada 44 günlük Vətən müharibəsi və onun nəticələri də böyük rol oynayır. Ölkəmizin artan nüfuzu, Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzən artıq Qərbdə də qəbul edilir. Bu gün dünyanın aparıcı dövlətləri beynəlxalq məsələlərin müzakirəsində və həllində Azərbaycanla hesablaşırlar. Regional təhlükəsizlik və inkişaf mövzularında rəsmi Bakının razılığı olmadan heç bir təşəbbüs həyata keçirilmir. Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Münaqişənin ilk illərindən Birləşmiş Krallıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb.

Tam əminliklə demək olar ki, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulan beynəlxalq münasibətlər yeni inkişaf dövründə daha da təkmilləşir. Yeni dünya nizamında ölkəmiz bundan sonra daha dinamik şəkildə inkişaf edəcək.

Eldar Aslanov - ADPU tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search