Previous Next

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir

“Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət və incəsənət ilə bağlı məqalələr dərc etmişdir. “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdır.

Azərbaycan mətbuatı sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub.

Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas xəttini təşkil edir.

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı kimi, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Cavid Hüseynov,

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri,  mətbuat katibi

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search