Previous Next

Qəhrəmanlar unudulmur - ADPU-nun Quba filialında tədbir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı, Quba Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GKİM) Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr edilmiş “Qəhrəmanlar unudulmur” mövzusunda anım tədbiri keçirilib.

Əvvəlcə filialın şəhid kapitan Aqil Məlikov, şəhid Miqdad Abduləlimov və şəhid Nuran Mirzəyev adına auditoriyalarında şəhid ailə üzvləri – Günel Məlikova, Tünzalə Abduləlimova və Akif Mirzəyev tərəfindən “Zəfərimiz əbədidir” mövzusunda mühazirələr keçirilib.

Şəhid ailə üzvləri keçdikləri dərslərdə Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin şərafətindən danışıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbənin əbədiyyətə qədər qorunması arzu edilib və bunun üçün gənc nəslin yüksək intellektli, vətənpərvər yetişməsinin əhəmiyyətindən danışılıb.

Sonra tədbir filialda fəaliyət göstərən Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Mədəniyyət Mərkəzində davam etdirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra ADPU-nun Quba filialının fəaliyyətində milli-vətənpərvərlik xəttini əks etdirən film nümayiş olunub.

Çıxışında 27 Sentyabr – Anım Gününə uzanan dövlətçilik yolundan danışan ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev bildirib ki, bu gün şəhid ailə üzvlərinin keçdikləri mühazirə gənclərimiz üçün şərəf və ləyaqət dərsidir.

Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edən direktor Y.Alıyev deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin siyasi-mənəvi əhəmiyyəti tarixlərə işıq saçır.

Anım tədbirinin aparıcısı şəhid kapitan Aqil Məlikovun məktəbli övladı Xədicə Məlikli Anım Günü ilə bağlı müfəssəl məlumat verib, fikir və düşüncələrini bölüşüb.

Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, şəhid anaları Tünzalə Abduləlimova və Humay Abdulrəhmanova, filialın birinci kurs tələbəsi şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova çıxışlarında vurğulayıblar ki, Azərbaycanda şəhidlərin xatirəsinə göstərilən sayğı, onların ailələrinə və qazilərə olan diqqət və qayğı dövlət-xalq birliyinin vəhdətidir. Bu ümumxalq ehtiramı şəhid və qazı ailələrinə milli təskinlik nümunəsidir.

Filialın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Hacıyev çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan əzəmətli qələbədən, Azərbaycanda milli-dövlətçilik yolunda aparılan mübarizədən və onun Zəfər təntənəsinin tarixi əhəmiyyətindən bəhs edib.

Sonda filialın I kurs tələbəsi Şahanə Hüseynova Anım Gününə həsr olunmuş şeir səsləndirib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search