Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun 5 Oktyabr - Beynəlxalq Müəllinlər Günü münasibətilə təbriki

Dəyərli müəllimlər! Əziz tələbələr!

Hörmətli təhsil ictimaiyyəti!

Sizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müəllimlik hər zaman cəmiyyət üçün vacib, müqəddəs missiyalara xidmət edən strateji peşədir. Xalqın gələcəyini məsuliyyətlə çiyinlərində daşıyan müəllimlər hər zaman cəmiyyətin əsas siması, maddi-mədəni tərəqqinin lokomativi olmuşdur. Bu şərəfli peşənin nümayəndələrinin vəzifəsi sadəcə peşəkar kadr hazırlamaqla yekunlaşmır. Cəmiyyətə faydalı hər bir şəxsiyyətin formalaşmasında müəllimlərin rolu danılmazdır.

Dünyada gedən yeni dinamik proseslər və  müasir tendensiyalar cəmiyyətin qarşısına yeni çağırışlar qoyur. Bu çağırışlar hər bir vətəndaşdan daim maariflənməyi, yeniliklərlə ayaqlaşaraq özünü inkişaf etdirməyi tələb edir. Bu proseslərin fonunda müəllimlərin cəmiyyətin həyatında  rolu gündən-günə daha da artmaqdadır. Ölkənin müəllim hazırlığı üzrə ixtisaslaşmış əsas ali təhsil ocağı kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin üzərinə bu baxımdan böyük məsuliyyət düşür. Çünki gələcəyin təməlini qoyan müəllimlərin yüksək peşəkar bacarıqlara, müasir praktik biliklərə malik kadr kimi yetişdirilməsi olduqca əhəmiyyətli və çətin vəzifədir. Ümummilli Lider Heydər Əliyev ADPU kollektivi ilə görüşlərinin birində qeyd etdiyi “Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir” fikri ilə müəllimliyin və xüsusilə müəllim hazırlamağın necə müstəsna və məsuliyyətli bir sahə olduğunu ən yüksək səviyyədə dolğun ifadə etmişdir.

Universitetimizin bütün kollektivi üzərimizə düşən bu məsuliyyətin layiqincə doğruldulması üçün əzmlə, var qüvvə ilə, durmadan çalışır. XXI əsrin tələblərinə cavab verən, yeni dövrün reallıqlarına uyğun təhsil xidməti təqdim etmək üçün universitetdə vacib addımlar atılmaqdadır. Son bir neçə il ərzində universitetin maddi-texniki bazasının yaxşılaşdırılması, tələbələrin praktik bacarıqlara daha rahat yiyələnməsi və tədris resurslarına əlçatanlığın təmini üçün vacib mühüm işlər görülür. Xüsusilə də tədris proqramlarının təkmilləşdirilməsi, məzmunun keyfiyyətinin yüksəldilməsi üçün davamlı işlər görülməkdədir. Universitetdə müasir tələblərə cavab verən Kitabxana-İnformasiya Mərkəzi istifadəyə verilmiş, inklüziv təhsil və kompüter laborotoriyaları yaradılmışdır. Tələbələrin istifadəsi  üçün ölkədə yeganə STEAM Mərkəzi də məhz Pedaqoji Universitetdə fəaliyyət göstərir. Yeni tədris ilindən etibarən elektron universitet sisteminin tətbiqinin genişləndirilməsinə başlanılıb.

Dəyərli həmkarlar!

Çox sevindirici və qürürlandrıcı bir haldır ki, artıq 2-ci ildir ki, peşə bayramımızı ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş qüdrətli dövlətin müəllimləri olaraq qeyd edirik. Artıq vətəndaşlarımızla yanaşı, təhsilimiz də Qarabağa, işğaldan azad olunmuş bölgələrimizə qayıdıb. Bu gün Şuşada, Ağdamda, Laçında və digər düşmən işğalından qurtarılmış ərazilərdə şagirlərimiz təhsil alır. Bu bölgələrin hər birində ən müasir tələblərə cavab verən təhsil infrastrukturu qurulub, yüksək səviyyədə təhsil üçün hər cür şərait yaradılıb. Qədim Azərbaycan şəhəri olan doğma Xankəndimizdə əzəmətli Qarabağ Universitetinin yaradılması ölkəmizin təhsil tarixində yeni bir səhifənin yazılmasıdır. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin, hərtərəfli düşünülmüş, strateji diplomatik fəaliyyətinin nəticəsidir. Bu günlərimizin səbəbkarı olan şəhidlərimizin ruhunu hörmətlə anır, ərazi bütövlüyümüz uğrunda sağlamlığından keçmiş qazilərimizə şəfalar diləyirəm.

Əziz tələbələrimiz!

Gələcəyin müəllimləri olaraq sizin də üzərinizə böyük məsuliyyət düşür. Bütövlüyü uğrunda minlərlə can fəda olmuş bu vətənin gələcək rifahı, inkişafı, firəvanlığı sizdən və sizin yetişdirəcəyiniz gələcək nəsillərdən asılıdır. Sizlər Qarabağda, Şərqi Zəngəzurda, ölkənin digər ərazilərində müasir dövrün müəllimləri olaraq əzmlə fəaliyyət göstərəcək, vətənin inkişafına, istiqlalına xidmət edəcək iqtisadçılar, həkimlər, müəllimlər, hərbiçilər yetişdirəcəksiniz. Gələcəyin qurucuları olaraq üzərinizə düşən məsuliyyəti dərindən dərk etməli, bütün bu məqsədlər üçün özünüzü hərtərəfli yetişdirməli, qətiyyətlə çalışmalısınız.

Hörmətli müəllimlər, əziz tələbələr, dəyərli məzunlarımız!

Bir daha hər birinizi 5 Oktyabr -  Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, bu çətin, məsuliyyətli və şərəfli yolda uğurlar arzu edirəm.

Bayramımız mübarək olsun!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search