Oktyabrən 9-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin (ADPU HİK) təşkilatçılığı ilə 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə ADPU HİK-nın müxtəlif sturuktur bölmələrinin əməkdaşları, universitetin İnsan resursları və kargüzarlıq şöbəsinin nümayəndəsi, baş hüquqşünas və digər qonaqlar iştirak ediblər.
Açılış sözü ilə çıxış edən ADPU HİK sədri dosent Vaqif Əliyev universitetdə layiqli əmək şəraitinin yaradılması üçün görülən işlərdən, universitet rəhbərliyi və HİK tərəfindən bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. V.Əliyev qeyd edib ki, əməkdaşların hüquqlarının müdafiəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün HİK daim səylə çalışır, yarana biləcək çətinlik və problemlərin həlli üçün əsaslı yardım göstərir.
ADPU-nun SƏTƏM bölməsinin müdiri Şərif Əfəndiyev son illərdə universitetdə əməkdaşların əmək şəraitinin yaxşılaşdırılması, iş yerində təhlükəsizliyin təmini, gender bərabərliyinin qorunması üçün həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib.
Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi, kimya üzrə fəlsədə doktoru Afət Hacıyeva fakültə daxilində fəaliyyət göstərən kimya laboratoriyalarında təhlükəsizlik qaydalarının təmin edilməsi, əməyin mühafizəsi üçün görülən işlərdən danışıb, laboratoriyada çalışan əməkdaşların hüquqlarının qorunaraq qısa iş gününün təmin edildiyini diqqətə çatdırıb.
Fizikanın tədrisi texnologiyası kafedrasının əməkdaşı, Fizika fakültəsinin HİK sədri Gülşən Musayeva fakültədə əməyin mühafizəsi və layiqli əmək şəraitinin təmini sahəsində atılan addımlardan danışıb.
Universitetin baş hüquqşünası Zakir Nağıyev əmək qanunvericiliyinin işçilər üçün müəyyən etdiyi hüquqlar barədə məlumat verib, sağlam əmək şəraiti və əməyin mühafizəsi məsələsində qoyduğu tələblərdən danışıb, universitetdə bu sahədə aparılan işlər barədə danışıb.
Sonda görüş iştirakçılarının təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.