Türkiyə Respublikasının Ərabgir ilçəsində təşkil olunan IV Beynəlxalq Oğuzlar Simpoziumunda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmlər doktoru, professor Mahirə Hüseynova Ərəbgir şəhərinin fəxri vətəndaşı seçilib. Professor Mahirə Hüseynovaya bununla bağlı təqdim edilən sənəddə yazılır: “Ərəbgirin ölkə və beynəlxalq səviyyədə təbliğində öz töhfəsini, iştirakını və dəstəyini əsirgəməyən, bu işdə böyük fədakarlıqla çalışan ADPU-nun prorektoru, prof. Mahirə Hüseynovaya Ərəpgir rayonunun vətəndaşlığı haqqında arayış təqdim olunub. Ərəbgir Bələdiyyəsinin sədri Haluk Comərdoğlu”. Qeyd edək ki, Beynəlxalq Oğuzlar Simpoziumu türk xalqlarının vahid müstəviyə inteqrasiyası üçün türk dövlətlərində ildə bir dəfə nüfuzlu universitetlər tərəfindən keçirilən tədbirdir. Araşdırmaçı alimlərin bölmə iclaslarında elmi məqalələri ilə çıxışları və bu çərçivədə müzakirələri nüfuzlu elmi nəşrlərdə dərc olunur.