Previous Next

Zəngilanın bərpası, böyük Qayıdışın burda da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına böyük təsir göstərəcək amillərdən biridir

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır.  

Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi 35 mindən çox olub. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

XX əsrin sonları isə Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Zəngilan rayonu müharibə alovunun qasırğasını 1990-cı illərdə daha tez-tez hiss etməyə başladı. 1988-ci ildə erməni millətçi və separatçıları əvvəlcə Ermənistanda yaşayan azərbaycanlıları Ermənistandan çıxardılar,sonra isə əsrlərlə azərbaycanlıların doğma torpaqları olmuş Qarabağda işğalçı müharibə apararaq torpaqlarımızı işğal edib burda yaşayan soydaşlarımızı doğma yurd-yuvalarından qovdular. Qarabağda ermənilərin apardığı müharibə işğalçı müharibə olsa da soyqırım xarakteri daşıyırdı,erməni faşistləri qocaları, qadınları, körpələri vəhşicəsinə, kütləvi şəkildə öldürür, əsir edərək Ermənistana aparırdılar.Bu cür soyqırıma məruz qalmış bölgələrimizdən biri də Zəngilan rayonu olmuşdur.

Ermənilər dəmir yolunu bağlayıb, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. 1993-cü ilin oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunur. Bununla da Zəngilanın mühasirəsi başa çatır. Doğma yurdunu tərk edən təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gursulu Araz çayını isə keçmək mümkün olmur. Xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəlir. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib, xilas olur.

44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir. Bu tarixdə Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də azad olunmuşdur. II Qarabağ müharibəsinin gedişində isə Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur.

Bu gün Zəngilanın işğaldan azad olunmasından 4 il ötür. İndi Zəngilanda abadlıq-quruculuq işləri gedir və 2026-cı ilədək başa çatması nəzərdə tutulan “Böyük Qayıdış” proqramının icrası bu ərazilərimizdə də sürətlə reallaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa doğru yeni pəncərələr açılıb. Bəli, bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.

Zəngilanın bərpası, böyük Qayıdışın burda da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatına böyük təsir göstərəcək amillərdən biridir. Qeyd olunduğu kimi burada qiymətli qızıl yataqları və bir çox faydalı qazıntılar var. Onların planlı şəkildə istismarı ölkəmizin inkişafına təsir göstərən yeni bir amildir. Zəngilanın yenidən bərpası, kəndlərin dirçəldilməsi ölkənin kənd təsərrüfatına böyük töhvədir. Burada heyvandarlığın inkişaf etdirilməsi üçün böyük zəmin vardır. Hazırlanmış layihələrin həyata keçirilməsi Zəngilanın Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə böyük töhvə verməsi deməkdir. Bu işdə zəngilanlıların böyük rolu var. Onlar öz tarixi yurdlarına qayıtmaqla bu qədim azərbaycan torpağına ikinci həyat gətirəcəklər.

 

Eldar ASLANOV, 

ADPU-nun tədris işləri üzrə prorektoru, s.e.f.d., dosent

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search