Oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantlar üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) departament rəhbərinin müavini, iqtisadçı ekspert Eldəniz Əmirovun ustad dərsi təşkil edilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, magistrantların öyrəndikləri nəzəri biliklərin praktik təcrübələrlə əlaqələndirilməsi üçün universitetdə mütəmadi olaraq tanınmış elm adamları, dövlət və özəl sektorun təcrübəli mütəxəssisləri ilə silsilə görüşlər, dəyirmi masa və ustad dərsləri təşkil edilir. Prorektor bugünkü görüşdə də ekspert Eldəniz Əmirovun geniş praktik təcrübəsinin və idarəçilik bacarıqlarının magistrantlar üçün səmərəli öyrənmə mühiti yaradacağını və dərsdə iştirak edənlərin bu fikir mübadiləsindən zəngin təcrübə əldə edəcəklərini qeyd edib.
Pedaqoji Universitetdə ixtisaslı magistr hazırlığı sahəsində aparılan islahatlardan bəhs edən A.Zamanov diqqətə çatdırıb ki, son illərdə, xüsusilə, təhsil idarəetməsi üzrə yeni ixtisaslaşmalar yaradılıb, mövcud ixtisaslaşmalarda isə tədris istiqamətləri genişləndirilib. Prorektor bütün istiqamətlər üzrə təhsilalanların peşəkar inkişafı üçün universitet tərəfindən lazımi dəstəyin təmin edildiyini nəzərə çatdırıb, magistrantları bu fürsətləri maksimum səviyyədə dəyərləndirməyə və peşəkar səriştələrə yiyələnmək yolunda fəallıq göstərməyə çağırıb.
Çıxış edən iqtisadçı ekspert Eldəniz Əmirov təşkil edilən görüş üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib, bu cür görüş və müzakirələrin təhsilalanların inkişaflarında əhəmiyyətini xüsusi vurğulayıb. İqtisadiyyat sahəsindəki müasir tendensiyalardan, təhsil və iqtisadiyyatın qarşılıqlı əlaqəsindən danışan ekspert tələbələrə öz peşəkar inkişaflarında hansı bacarıqları inkişaf etdirməli olduqları barədə tövsiyələr verib.
Qonaq, xüsusilə, rəqəmsal texnologiyaların iqtisadiyyata təsirindən və bu sahədəki yeniliklərin gələcək peşəkar mühitə necə təsir edəcəyindən bəhs edib.
Ustad dərsi E.Əmirovun iqtisadi prosesləri daha yaxşı başa düşmək və gələcəkdə bu sahədə uğur qazanmaq üçün lazım olan praktik biliklər və strategiyalar haqqında geniş təqdimatı ilə davam edib. O, yeni nəşr etdirdiyi “Avrasiyanın arteriyaları” kitabı haqqında danışaraq, əsərdə toxunulan aktual məsələləri vurğulayıb.
İnteraktiv formada keçən ustad dərsi iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.