Tədbirdə Fizika fakültəsinin dekanı dos. Arzu Daşdəmirov, dekan müavinləri dos. Xankişi Məmmədov, dos. Xatirə Adgözəlova, Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Sevinc Cəlilova və fakültənin professor-müəllim heyəti iştirak edib. Tədbirdə çıxış edən dekan müavini dos. Xankişi Məmmədov İrəvan Müəllimlər Seminariyasının keçdiyi şərəfli tarixi yol haqqında ətraflı məlumat verib. İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamda da vurğulandığı kimi, İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Seminariyanın məzunları azərbaycanlıların yaşadığı bölgələrdə dünyəvi məktəblərin açılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsində fəal iştirak etmiş, İrəvanda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində maarifin yayılmasında böyük fədakarlıq göstəriblər.