Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında şəhid Miqdad Abduləlimovun şəhadətinin 4-cü ildönümünə həsr olunmuş “Miqdad Abduləlimov - nur üzlü Şəhidim” adlı tədbir keçirilib.
Tədbirdə rəsmi açılış nitqi ilə çıxış edən filialın direktoru dosent Yusif Alıyev 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühüm məqamlarından bəhs edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun dövlətçilik tariximizə qızıl hərflərlə həkk etdiyi bu qələbənin hüquqi, siyasi və mənəvi istiqamətlərindən danışıb. Şəhid və qazilərimizin cəsarət və qəhrəmanlığının əbədiyyətə qədər xalqımız üçün qürur mənbəyi olduğunu xatırladan direktor qeyd edib ki, qəhrəman igidlərimizin yaratdığı Zəfər salnaməsi bütün türk xalqlarının, Azərbaycanı sevən hər kəsin, ölkəmizə dost və qardaş olan bütün tərəflərin iftixarı və qürurudur.
Quba filialının Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova qeyd edib ki, Miqdad Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Miqdad Vətən müharibəsi zamanı döyüşlərdə şücaətlə vuruşub, 29 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov, iş adamı Cəmil Məhərrəmov, şair Ramiz Qusarçaylı, Miqdad Abduləlimovun təhsil aldığı məktəbin direktoru Habil Bayramlı, müəllimləri, komandiri və döyüş yoldaşları, ailənin yaxınları iştirak ediblər.
Həmçinin filialın əməkdaşları tərəfindən Zəfər Günü ərəfəsində Vətən müharibəsi zamanı qəhrəmanlıqla şəhidliyə ucalan Nuran Mirzəyevin məzarı da ziyarət edilib. 1999-cu il iyulun 27-də Quba rayonunun Dağlı kəndində anadan olan Nuran Mirzəyev 19 oktyabr 2020-ci ildə Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ziyarət zamanı şəhidin anası Təranə xanım və atası Akif Mirzəyevə ehtiramlarını ifadə edən filial əməkdaşları qeyd ediblər ki, Nuran və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi daim hörmətlə aılır və əbədiləşdirilir.
Qeyd edək ki, Vətən müharibəsindən sonra ADPU-nun Quba filialında bir auditoriyaya şəhid Nuran Mirzəyevin adı verilib.