Previous Next

Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir

Bu gün Kəlbəcər rayonunun işğaldan azad edilməsindən dörd il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Bununla da, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdur. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

İşğaldan azad olunan Kəlbəcərə səfər edən Ölkə Prezidenti cənab İlham Əliyev burada törədilmiş erməni vəhşiliyindən danışaraq qeyd etmişdir: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

Həqiqətən, Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib.

Artıq otuz il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğunda tunelin tikintisinə start verilib. Həmçinin Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, rayondakı su istehsalı zavodunun, İstisu sanatoriyasının təməli qoyulub.

Göründüyü kimi, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir

 

Sənan ƏLİYEV,

ADPU-nun Tədris departamentinin direktoru, dosent

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search