Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşəbbüsü ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramı uğurla davam edir. Belə ki, onlayn təlimlərlə start götürən proqram üzrə artıq əyani təlimlərin də tədrisinə başlanılıb.
“Məktəbəqədər təhsil müəssisələrinin (MTM) idarə olunması və liderlik” modulu üzrə keçirilən ilk əyani təlimdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan olan iştirakçılar iştirak ediblər.
Təlim zamanı “İdarəetmənin əsas anlayışları”, “Liderlik anlayışı”, “Lider və rəhbərin müqayisəsi”, “İdarəetmə prosesləri”, “İnsan resurslarının idarə edilməsi” kimi mövzulara toxunulub. Qrup işləri, keys müzakirələri, sual-cavab sessiyaları kimi interaktiv metodların istifadə edildiyi təlimdə iştirakçıların nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da inkişafına şərait yaradılıb.
Qeyd edək ki, proqram çərçivəsində növbəti həftədən etibarən "MTM-də daxili keyfiyyət sisteminin qurulması", "Təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsi", “Sağlamlıq, təhlükəsizlik və rifah” modulları üzrə əyani təlimlərin tədrisinə başlanılacaq.