Previous Next

ADPU-da IQAinAR layihəsinin yekun konfransı keçirilib

Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası və Rusiyada ali təhsil müəssisələrində tədris, öyrənmə və qiymətləndirmə sahəsində təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi (IQAinAR)” layihəsinin yekun konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor  Mahirə Hüseynova, Milli Erasmus Ofisinin direktoru Pərviz Bağırov, IQAinAR layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS), digər iştirakçıları - Niderlandın “415 International BV” təşkilatı və İspaniyanın Müqəddəs Entoni Katolik Universitetinin (UCAM) nümayəndələri iştirak ediblər.

Xarici nümayəndələrlə yanaşı, konfransda Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qarabağ Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin Keyfiyyət təminatı və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da iştirak ediblər.

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov layihənin əhəmiyyəti barədə danışıb, təhsil sahəsində beynəlxalq təcrübə mübadiləsi və qlobal tendensiyaların inteqrasiyası baxımından bu kimi layihələrin vacibliyini vurğulayıb. Rektor diqqətə çatdırıb ki, Pedaqoji Universitet beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən faydalı layihələrdə iştiraka maraqlı tərəfdir və bu cür nüfuzlu layihənin yekun konfransının ADPU-da keçirilməsi sevindirici haldır.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Milli Erasmus Ofisinin direktoru Pərviz Bağırov və layihənin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin (WUAS) nümayəndəsi Xin (Maggie) Feng çıxış edərək, layihənin nəticələri və əldə olunan uğurlar haqqında məlumat veriblər.

Konfrans çərçivəsində layihənin əldə etdiyi nəticələrə dair müzakirələr aparılıb. Tədbir təhsilin keyfiyyət təminatı sahəsində milli və beynəlxalq əməkdaşlığın inkişafında yeni imkanlar açmaq baxımından əhəmiyyətli rol oynayıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search