Previous Next

Azərbaycan – Özbəkistan strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə başlayıb

Müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanı deyil, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir.

1992-1993-cü illər AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanda ümumtürk həmrəyliyinin dar çərçivədə, yalnız Türkiyə ilə münasibətlərə təşviq edilməsi, Mərkəzi Asiyanın türk respublikaları ilə münasibətlərin gözardı edilməsi xarici siyasətdə dərin boşluqlara yol açmışdı. Ulu öndər Heydər Əliyev 1994-cü ilin 18 oktyabrında türk dövlət başçılarının İstanbul sammitində bu gerçəyi etiraf etmişdi: “Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik”.

Ümummilli lider Heydər Əliyev bütün türk dövlətləri, o cümlədən  Özbəkistanla münasibətlərin möhkəmlənməsinə xüsusi önəm verirdi. Ulu öndərin 1997-ci ildə Özbəkistanın paytaxtına səfəri isə iki ölkə arasında münasibətlərin inkişafını daha da sürətləndirib. Başqa sözlə, həmin səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında imzalanan 19 sənədin icrası ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirib. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edib. Həmin müqavilə iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Dahi şəxsiyyət Heydər Əliyev bu barədə demişdir: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”.

Bu gün ölkəmizin Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik. 1998-ci ildə Bakıda, Azərbaycanın ev sahibliyi ilə “Böyük İpək yolu” layihəsinin (Avropa-Asiya nəqliyyat dəhlizi) təməlinin qoyulması, sonrakı illərdə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə bu yöndə yeni təşəbbüslərin gündəmə gəlməsi və hazırda gerçəkləşən layihələr türk xalqlarının inteqrasiyasına əməli töhfələrdir.

Artıq Azərbaycan – Özbəkistan strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə başlayıb. Hazırkı geosiyasi reallıqlar və iqtisadi çağırışlar müttəfiqlik münasibətlərinin dərinləşdirilməsini zəruri edir. Ölkə başçısı cənab İlham Əliyevin iyunun 21-də Özbəkistana səfəri zamanı müzakirə olunan məsələlər, səsləndirilən fikirlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər bu istiqamətdə səmərəli fəaliyyətin həyata keçirildiyini, səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd olunan səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən Ulu öndərin Azərbaycan-Özbəkistan münasibətlərinin dərinləşməsindəki fəaliyyətini yüksək dəyərləndirərək qeyd etmişdir: “Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq”.

Dövlət başçısının səfəri zamanı imzalanan sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi sənaye, nəqliyyat-kommunikasiya, humanitar və digər sahələrdə, həmçinin hərbi və hərbi-texniki əməkdaşlıq istiqamətində səmərəli təmasların, uğurlu işbirliyi mexanizminin formalaşdırılmasına imkan verəcəkdir. Xüsusilə, ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirən başlıca amildir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbə qazanmasından sonra və hazırda Avrasiyada mühüm geosiyasi proseslərin cərəyan etdiyi şəraitdə Türk dünyası qarşısında yeni perspektivlər açılıb. Azərbaycan və Özbəkistan yeni imkanlardan istifadə etməklə Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə mühüm töhfələr verə bilərlər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search