Previous Next

ADPU müəllimlərinin nümunəvi dərsləri təqdim edilib

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi” layihəsi üzrə hazırlanmış nümunəvi dərslərin təqdimatı keçirilib. Təqdimatda ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işlər üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov və universitetin professor-müəllim heyəti iştirak edib.

Təqdimatı giriş sözü ilə açan ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin (ETM) müdiri dosent Ərəstun Mehdiyev tədbir iştirakçılarını salamlayıb, layihə və nümunəvi dərslər barədə məlumat verib. Ə.Mehdiyev qeyd edib ki, “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi” layihəsi ETM tərəfindən 2021-ci ildən həyata keçirilir. İlkin olaraq Tarix və coğrafiya və Filiologiya fakültələrində tətbiq edilən layihə sonrakı illərdə digər fakültələrdə də icra edilməyə başlanılıb. Layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, tədris prosesinə müasir yanaşmaların gətirilməsi məqsədilə müxtəlif araşdırmalar aparılıb, müzakirələr keçirilib, qabaqcıl təcrübələr və yeni dərs modelləri tətbiq edilib.

Elmi-Tədqiqat Mərkəzinin Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzova təqdimatın gedişi və təqdim ediləcək nümunəvi dərslər barədə iştirakçıları məlumatlandırıb. G.Novruzova qeyd edib ki, layihə çərçivəsində mütəmadi olaraq problem həlletmə, həyatla əlaqəli və situativ dərslər hazırlanır ki, bu dərslərdən bir neçəsi görüşün davamında iştirakçılar üçün təqdim ediləcək.

Daha sonra Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi Əliəşrəf Abdulrazaqov “Müstəmləkəçilik və qloballaşma tarixi fənninə giriş”, İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova “Tərbiyə işində valideyn-övlad münasibətlərinin pedaqoji əsasları”, Ümumi psixologiya kafedrasının müəllimi Gülər Məmmədova “Şəxsiyyətin ertələmə (təxirəsalma) effektinin psixoloji təhlili” mövzusunda nümunəvi dərs təqdim ediblər.

Təqdimatın sonunda nümayiş edilən nümunəvi dərslər müzakirəyə çıxarılıb, iştirakçıların fikir, irad və təklifləri dinlənilib.

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search