Geridə qoyduğumuz 2024-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bütün sahələrdə olduğu kimi, ictimaiyyətlə əlaqələr və marketinq istiqamətində də yüksək dinamik inkişaf qeydə alınmışdır.
İl ərzində universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən universitetin tədris və ictimai-sosial həyatında baş verən yeniliklər, layihə və tədbirlər ölkənin aparıcı KİV, agentlik və telekanallarında işıqlandırılıb, ADPU-nun mətbu orqanı olan “Gənc müəllim” qəzeti çap və elektron qaydada dərc olunaraq yayımı həyata keçirilib.
İlin media yekunlarına əsasən, 2024-cü il ərzində ADPU ilə bağlı 746 xəbər 4000-ə yaxın mənbədə dərc edilmişdir. Bu isə 2023-cü illə müqayisədə xəbər sayında 11,2 %, xəbərlərin yayımlandığı mənbə sayında isə 11,1 % artım deməkdir. Statistikaya əsasən, ortalama olaraq bir ay ərzində universitet haqqında 62 xəbər 330 mənbədə dərc edilib. Ötən il isə bu rəqəmlər müvafiq olaraq 57 və 300-ə bərabər olub.
Rəsmi mənbələrlə yanaşı, şöbə tərəfindən universitetin sosial şəbəkə hesablarının effektiv fəaliyyətinin təşkili də xüsusi diqqətdə saxlanılır. Cari ildə xəbər yayımının daha da operativləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə yaradılmış votsap kanalının 1000-dən çox üzvü var. Yeni istifadəyə verilmiş rəsmi linkedin hesabının 600 nəfərədək, I kurs tələbələri üçün məlumatlandırıcı teleqram qrupunun 500-dən çox aktiv izləyici kütləsi mövcuddur. ADPU-nun rəsmi feysbuk səhifəsinin izləyici sayı 11000 nəfərə qədər artmışdır. 2 il əvvəllə müqayisədə bu göstərici 132 % çoxdur. İl ərzində səhifədə paylaşılan postlar 2.674 milyon istifadəçiyə çatıb ki, bu da ötən 2 illə müqayisədə 162 % artımın müşahidə edildiyi deməkdir. Rəsmi instaqram səhifəsinin izləyici sayı il ərzində 22.8 minə çatmışdır ki, bu göstərici ötən illə müqayisədə 4800 daha çox izləyici, yaxud 26,7 % artımı ifadə edir. İl ərzində səhifədə paylaşılmış post və videolar 7 milyondan artıq izlənilib. Bu göstərici də ötənilkinə nəzərən 45.6 %, iki il əvvəllə müqayisədə isə 150,8 % daha çoxdur. Rəsmi teleqram kanalının izləyici sayı 5500-dən çoxdur. Universitetin rəsmi yutub kanalı olan “ADPU TV” cari ildə də təkmilləşdirilərək yeni buraxılış və rubrikalarla aktiv fəaliyyətini davam etdirir. Hazırda kanalın 5700-dən artıq aktiv izləyici kütləsi var. Ötən illə müqayisədə bu göstərici 400 izləyici və ya 7 % , 2 il əvvəllə müqayisədə isə 830 izləyici və ya 17% artıb. Kanalda il ərzində yayımlanmış videolar 36.400 dəfə və ya 889.2 saat izlənilib.
ADPU-nun sosial media hesabları və saytı, eyni zamanda, tələbələrin və ictimaiyyətin etibarlı informasiya mənbəyi və güvənli müraciət vasitəsinə çevrilib. İl ərzində tələbə və vətəndaşlar tərəfindən sosial şəbəkə və digər əlaqə vasitələri ilə daxil olmuş 52.000-dən çox müraciət cavablandırılıb. O cümlədən tələbə qəbulu dövründə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən rəsmi instaqram səhifəsi vasitəsi ilə 4578, feysbuk səhifəsi vasitəsi ilə 100, imeyl vasitəsi ilə 16, votsap və teleqram üzərindən 166 müraciət cavablandırılıb, eyni zamanda şöbəyə 228 zəng daxil olub. Ümumilikdə, bu dövrdə 5356 əyani, onlayn və zənglə edilən müraciətə baxılıb. Bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin onlayn qeydiyyatına dəstək məqsədi ilə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi ilə birgə universitetdə canlı operativ dəstək xidməti təşkil olunub. Dəstək xidmətində 300 nəfərədək abituriyent və valideynə onlayn qeydiyyat, təhsil krediti, təhsil haqqına güzəşt və s. məsələlərlə bağlı yerində xidmət və yardım göstərilib.
2024/2025-ci tədris ilində Pedaqoji Universitetə qəbul olan tələbələr arasında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin apardığı onlayn sorğunun nəticələrinə əsasən, tələbələrin 63 faizi universitet haqqında ilk məlumatı ADPU-nun sosial media hesabları və rəsmi saytından alıblar.
Şöbə tərəfindən cari ildə universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaq məqsədilə ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün 4 mərhələdən ibarət “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi təşkil edilib və uğurla yekunlaşıb. 1000-ə yaxın tələbə-gəncin iştirak etdiyi müsabiqənin yekununda 10 nəfər tələbə qalib, 10 nəfər isə xüsusi mükafatçı olaraq 1000 AZN pul mükafatı, 1 illik xarici dil və İT kursları kimi mükafatlarla yanaşı, həm də Təşkilat Komitəsinin üzvü olan ADPU-nun rəhbər heyəti ilə 1 illik mentorluq proqramından faydalanmaq şansı əldə ediblər. Hazırda müsabiqə qaliblərinin mentoruq proqramı uğurla davam edir.
Şöbədə hazırlanaraq nəşr olunan “Zəfərnamə” kitabında müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olmuş, habelə universitetə rəhbərlik etmiş qəhrəman vətən övladlarından, ümumilikdə, 60 nəfərədək şəxs haqqında məlumat qeyd edilib.
21 oktyabr – 3 noyabr tarixlərində media işinin monitorinqi və təkmilləşdirilməsi məqsədilə universitetin 1500 nəfərədək tələbəsinin iştirak etdiyi media məmnunluq sorğusunun nəticələrinə əsasən, iştirakçıların 91%-ni universitetin sayt və sosial şəbəkələrinin fəaliyyəti tam və ya qismən qane edir. 93% respondent sosial şəbəkə hesablarına müraciət zamanı suallarına cavab tapdıqlarını, 29% isə əlavə suallarının da cavablandırıldığını qeyd edib.