Hörmətli həmkarlar, əziz tələbələr!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, təhsil və elmi-pedaqoji fəaliyyətinizdə uğurlar arzulayıram.
Geridə qoyduğumuz 2024-cü il ölkəmiz, xalqımız və universitetimiz üçün son dərəcə əlamətdar və zəngin bir dövr kimi tarixə qovuşdu.
Ötən il həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində Azərbaycanın suverenliyinin tam bərpa olunmasının ildönümündə - 2024-cü ilin 20 sentyabrında Dövlət Suverenliyi Gününün təsis olunması ilə dövlətçilik tariximizdə xüsusi bir mərhələnin başlanğıcı qoyuldu. Bu tarixi gün Qarabağ Universitetinin açılışı ilə üst-üstə düşərək həm də Azərbaycanın elm və təhsil sahəsində yüksək hədəflərinə sadiqliyini göstərdi.
Yola saldığımız ildə dövlətimizin siyasətində prioritet təşkil edən Qarabağ və Şərqi Zəngəzurda bərpa-tikinti və quruculuq işlərinin vüsəti artmış, keçmiş köçkünlərin doğma yurdlarına qayıdışı uğurla davam etdirilmişdir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də ötən ilin mühüm hadisələrindən biri kimi yadda qalmışdır. Belə ki, bu strateji qərar Azərbaycanın həm milli, həm də beynəlxalq miqyasda dayanıqlı inkişaf prinsiplərinə olan qətiyyətli bağlılığını nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təbii sərvətlərin və ətraf mühitin davamlı qorunması sahəsində əhəmiyyətli irəliləyişlərə imza atır. Cari ilin 11-23 noyabr tarixlərində Bakıda keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ölkəmizin beynəlxalq aləmdə lider mövqeyini bir daha təsdiqləmiş, Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədəki fəallığını beynəlxalq arenada əyani şəkildə sübut etmişdir. Bu mühüm hadisə yalnız ətraf mühitin qorunması ilə ilə məhdudlaşmamış, eyni zamanda dövlətimizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirmiş, nüfuzunu artırmışdır. Azərbaycan COP29-un keçirilməsindəki təşəbbüskarlığı və yüksək təşkilati qabiliyyəti ilə dünya ölkələrinə örnək olmuşdur.
Əziz həmkarlar və tələbələr!
2024-cü il ADPU üçün bir sıra nailiyyətlərlə əlamətdar oldu. 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun I turunun nəticələrinə əsasən Pedaqoji Universitetdə 2655 mövcud plan yerindən 2626-sı (99 %) tutulub. Tələbələrin 59,06 faizi dövlət sifarişi əsasında qəbul olunub. Müqayisə üçün qeyd edə bilərik ki, universitetin ötən il üzrə plan yerlərinin 96.42 %-i dolmuşdu. 2024/2025-ci tədris ilində ADPU-nun bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslara ilk dəfə qəbul aparılmışdır. Cari tədris ili üzrə 600 baldan yuxarı bal toplayan 13 nəfər ADPU və onun filiallarını seçib. Həmçinin qeyd etməliyəm ki, beynəlxalq idman yarışlarında uğurlu nəticə göstərən 6 nəfər universitetimizin Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasına qəbul olunub. Bütün bu artan dinamikalı statistika universitetimizdə və ümumilikdə ölkədə aparılan uğurlu təhsil islahatlarının məntiqi nəticəsidir.
Pedaqoji Universitetdə tədris keyfiyyətinin artırılması və əmək bazarının tələblərinə uyğun müasir mütəxəssislərin hazırlanması sahəsində cari ildə də bir sıra vacib addımlar atılmışdır. Universitetin beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bir çox nüfuzlu universitetlərlə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanmışdır. 2024-cü ildə Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən magistr ikili diplom proqramı çərçivəsində üçüncü məzun buraxılışı baş tutdu. Bu əməkdaşlığın daha da möhkəmləndirilməsi və proqramın davam etdirilməsi məqsədilə Niyyət Bəyannaməsi imzalandı. Vahid tələbə kartı ilə bağlı Təhsilin İnkişafı Fondu ilə imzalanmış müqavilə isə tələbələrimiz üçün müasir və inteqrasiya olunmuş xidmətlər təqdim edir. ADPU-nun Strateji İnkişaf Mərkəzi tərəfindən “Məktəb liderliyi” və “Məktəbəqədər təhsildə liderlik” proqramları müvəffəqiyyətlə həyata keçirilir. Eyni zamanda, istedadlı tələbələrin aşkarlanması və dəstəkləməsi, onların təhsil sahəsində liderlik qabiliyyətlərini inkişaf etdirməsi məqsədilə “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin mentorluq proqramı uğurla davam edir. Bunlardan əlavə, il ərzində həm tədrisin məzmun keyfiyyətinin artırılması, həm də tələbələrin ictimai-sosial fəallığının təmin edilməsi istiqamətində çoxsaylı layihə və tədbirlər uğurla icra edilib.
Əziz həmkarlar və tələbələr!
2024-cü ilin nailiyyətləri 2025-ci ildə üzərimizə daha böyük məsuliyyətlər qoyur. Biz və gələcəyin müəllimləri, ixtisaslı mütəxəssisləri kimi böyük ümid bəslədiyimiz hazırkı tələbələr yeni ildə yeni təhsil uğurları üçün birgə səylərimizi gücləndirməli, yorulmadan çalışmalıyıq. Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışındakı nitqində gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin böyük rolunu xüsusi vurğulamışdır. Gələcəkdə bu şərəfli missiyanı uğurla yerinə yetirməyə hazırlaşan gənc müəllimlər yaxşı təhsil almaqla yanaşı, vətənpərvərlik hissini daim gücləndirməlidirlər. Günümüzün bu vacib tələblərini təhsil prosesində ön planda tutaraq, gənclərimizin həm bilikli, həm də milli-mənəvi dəyərlərə malik vətəndaşlar kimi yetişməsinə böyük töhfələr verəcəyinizə əminəm.
Qeyd etməliyəm ki, ilin son günü həm də mənəvi birlik və həmrəyliyimizin, milli şüurun oyanışının təcəssümü kimi tarixə düşüb.
Yeni ildə milli birliyimizi qoruyaraq daha böyük nailiyyətlərə imza atacağımıza inanıram. Bir daha bütün həmkarlarımızı, tələbə və məzunlarımızı ürəkdən təbrik edir, sizə uğur, xoşbəxtlik və firavanlıq dolu günlər arzulayıram.
Bayramlarıınız mübarək olsun!