Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan dərslərin növbəti məşğələsi baş tutub. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələrinin iştirak etdiyi tədbir Heydər Əliyev Muzeyindən başlayıb. Mərkəzin baş mütəxəssisi Aynurə Əsgərova tələbələri burada nümayiş olunan eksponatlarla tanış edib, arxiv sənədlərinin surətləri, fotoşəkillər, kitablar və s. haqqında məlumat verib.
Muzeylə tanışlıq yekunlaşdıqdan sonra Heydər Əliyev Məktəbinin lektoriyasında davam edən dərsdə tələbələr Ulu Öndərin Azərbaycan tarixindəki yeri və rolu haqqında mühazirəni dinləyiblər. Qeyd edilib ki, fenomenal şəxsiyyət olan Heydər Əliyev məhz müstəsna keyfiyyətləri sayəsində iki fərqli sosial-iqtisadi və siyasi sistem şəraitində respublikamızı uğurla idarə edib, ötən əsrin 80-ci illərində Sovet İttifaqı kimi nəhəng bir ölkənin ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. XX yüzilliyin sonlarında yenicə müstəqillik qazanmış Azərbaycana Heydər Əliyev kimi təcrübəli bir şəxsin başçılıq etməsi xalqımızı böyük bəlalardan qurtarıb. Ölkəmiz həmin illərdə anarxiyadan davamlı sabitlik, iqtisadi tənəzzüldən inkişaf yoluna qədəm qoyub.
Mühazirədən sonra dünyanın tanınmış dövlət xadimlərinin Ulu Öndər haqqında söylədiyi fikirləri əks etdirən slaydlar nümayiş etdirilib.
Dərsin davamında “Böyük Lider Heydər Əliyevin həyat yolu” adlı sənədli film nümayiş etdirilib.
Sonda dərs boyunca verilmiş məlumat və materiallar əsasında Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri barədə qarşılıqlı müzakirələr aparılıb.