Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin möhkəmləndirilməsi, Türk dünyasının inkişafının dəstəklənməsi və onun gücləndirilməsi prioritetdir. Ölkəmiz illərdir birliyin siyasi, iqtisadi və hərbi gücünün artması, beynəlxalq aləmdə nüfuzlu aktora çevrilməsi üçün ardıcıl və prinsipial siyasət yürüdür.
Diplomatik əlaqələrin intensivliyi, dövlət başçılarının və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər bu münasibətlərin dərinliyini və perspektivlərini aydın şəkildə göstərir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu da bu əlaqələrin çoxşaxəli və dinamik xarakterini nümayiş etdirir.
Məlum olduğu kimi, ötən il Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Qürurverici haldır ki, Azərbaycanın bu təşəbbüsü artıq ənənə halını almaqdadır. Belə ki, 21 may 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının növbəti, ikinci qeyri-rəsmi Zirvə görüşü keçirildi. Tədbirdə çıxış edən Ölkə başçısı cənab İlham Əliyev ilk növbədə Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu qeyd edərək bildirmişdir: “Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə iqtisadi layihələrin genişləndirilməsinə toxunaraq Azərbaycanın üzv ölkələrə 20 milyard dollardan çox sərmayə yatırdığını, nəqliyyat sahəsində Azərbaycanın açıq dənizə çıxışı olmasa da, Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrildiyini vurğulayaraq qeyd etmişdir: “Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir”.
Budapeşt Sammitinin önəmini artıran məqamlardan biri də Türk Dövlətləri Təşkilatının dövlət başçıları tərəfindən birgə Bəyannamənin imzalanması oldu. Diqqətəlayiq haldır ki, imzalanmış Bəyannamədə Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olundu. Həmçinin vacib məqamlardan biri də budur ki, Bəyanamədə region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyi qeyd edilir, yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə layihələrin həyata keçirilməsində irəliləyiş, Təşkilatın üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi alqışlanır. Heç şübhəsiz bu mühüm tarixi sənəd, eləcə də qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.
Professor Fikrət RZAYEV,
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, Əməkdar müəllim