Previous Next

Azərbaycan və Macarıstan arasında dostluq əlaqələri qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur

Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi son illərdə ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri olub. İki ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir.

Ölkələr arasında bir çox oxşarlıqlar, möhkəm tarixi köklər sarsılmaz tərəfdaşlığın daim inkişafını təmin edib. Dövlət müstəqilliyini bərpa edən Azərbaycanın Macarıstanla strateji tərəfdaşlıq kursuna xüsusi önəm verməsi münasibətlərin siyasi keyfiyyətini davamlı olaraq daha da yaxşılaşdırıb. İki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri, habelə siyasi, iqtisadi, humanitar sahələri əhatə edən mühüm sənədlərin imzalanması əməkdaşlığın çoxşaxəli inkişafında yeni mərhələ açıb. Eyni zamanda Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.

 Xatırladaq ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Cənab İlham Əliyev ölkə rəhbəri seçildikdən sonra bu münasibətlər daha intensiv şəkildə inkişaf etməyə başlayıb. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfəri olduqca əhəmiyyətlidir. İki ölkə arasında son dövrlər əlaqələrin daha da sıxlaşması, Liderlər arasındakı dostluq və səmimiyyət sözsüz ki, münasibətlərin xarakterinə də müsbət təsir edir. Səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında bir çox prioritet istiqamətlər üzrə mühüm əhəmiyyətli danışıqlar gələcəkdə, bütün sahələrdə qarşılıqlı fayda əsasında daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır. Ölkə başçısı cənab İlham Əliyevin Baş nazir Viktor Orban ilə görüşü zamanı səsləndirdiyi fikirlər bir daha ölkələrimiz arasında münasibətlərin müasir dinamizmini və inkişaf istiqamətlərini əks etdirməklə, Şərqi-Avropa ölkələri üçün nümunəvi model olduğunu əks etdirdi: “Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır”.

Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin "Cənub Qaz Dəhlizi" layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı cənab İlham Əliyev mətbuata verdiyi bəyanatı zamanı bu məqamlara toxunaraq bildirmişdir: “Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik”.

Göründüyü kimi, Azərbaycan və Macarıstan arasında əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu, həm də iki ölkə arasında dostluq əlaqələri qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur. İki ölkə qarşılıqlı faydalı layihələr və investisiyalar əsasında gələcəkdə daha da sıx əməkdaşlıq etməyi hədəfləyir. Bu proses, həmçinin bölgələrarası əlaqələrin güclənməsinə və beynəlxalq iqtisadi sistemdə daha böyük mövqe tutmalarına şərait yaradacaqdır.


Taleh MİRZƏYEV,
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search