Previous Next

ADPU-da “Türk Dünyası və Piri Türkistan: Yesevi Yolu və İrsi” Beynəlxalq Elmi Konfransı Keçirilib

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türk Dünyası və Piri Türkistan: Yesevi Yolu və İrsi” mövzusunda Beynəlxalq elmi konfrans təşkil olunub. Konfransın əsas məqsədi böyük türk sufi alimi Xoca Əhməd Yəsəvinin mənəvi və mədəni irsinin Türk dünyasında rolu və əhəmiyyətini elmi aspektdən araşdırmaq, bu irsin müasir dövrdəki təsirlərini işıqlandırmaq və ortaq mədəni yaddaşı möhkəmləndirməkdir.
Konfrans çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ilə iştirakçılar arasında görüş keçirilib, elm və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
ADPU-nun rektoru professor Cəfər Cəfərov konfransı açılış nitqi ilə açaraq, Xoca Əhməd Yəsəvinin Türk dünyasında mənəvi və mədəni rolu haqqında çıxış edib. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı, Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru prof. Mətin Orbay, konfransın Təşkilat Komitəsinin üzvü prof. Sədullah Gültən çıxış ediblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyevin moderatorluğu ilə keçirilən konfransın açılış panelində Türkiyə Respublikası Milli Müdafiə Universitetinin dekanı prof. İbrahim Ethem Atnur “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı”, Ankara Universitetindən prof. Abdullah Gündoğdu isə “Şah İsmayıl və Türk dünyası” mövzularında çıxış edərək Türk dünyası və Azərbaycan–Türkiyə münasibətlərinin tarixi, mədəni və siyasi aspektlərini müzakirə ediblər.
Konfransın birinci panelində prof. Fateh Ünal (Ordu Universiteti) “Əhməd Yəsəvinin qəbilə mənsubiyyəti haqqında görüşlər”,  dos. Cavid Güzəl (Amasya Universiteti) “Xoca Əhməd Yəsəvinin mənəvi irsinin təhlili: Mənqəbələrin ruhani yolçuluğu”, Həlim Qılınc (Ankara Hacı Bayram Vəli Universiteti) “Osmanlı paytaxtında Yəsəvi irsi: XIX əsrdə özbək təkkələri”, dos. Məsud Qaraqulaq (Ankara Hacı Bayram Vəli Universiteti) “Yəsəvilik qaynaqları ilə bağlı mübahisələr və yeni yanaşmalar”, dos. Əfşan Şəfiyeva (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Əhməd Yəsəvi irsi: Türk xalqlarının ortaq mədəniyyət nümunəsi kimi”, ikinci paneldə isə prof. Haşim Şahin (Anadolu Universiteti) “Anadolunun fəthində Xoy mənşəli mütəsəvviflər”, prof. Nəsrullah Uzman “Türkiyədə milli kimliyin formalaşmasında din anlayışı: Yəsəvilik nümunəsi”, prof. Minəxanım Əsədova (Azərbaycan Turizm və Menecment Universiteti) “Əhməd Yəsəvi türbəsinin dünya şöhrəti və turizm potensialı”, dos. Aynur İbrahimova (AMEA-nın Folklor İnstitutu) “Türk dünyasında müqəddəs məkanlar və onların sosial funksiyaları”, dos. Əziz Altı “Övliya Çələbiyə görə Azərbaycanda yəsəvilik izləri” və Oğuz Xağan Bayraqdar isə “Bakı və onun tarixi kimliyi” mövzularında çıxışlar ediblər.
Konfransda, həmçinin Özbəkistanın Fərqanə Universitetinin nümayəndələri də iştirak edib.

Tədbir zamanı Əhməd Yəsəvinin tarixi şəxsiyyəti, mənəvi irsi, yəsəvilik düşüncəsinin Osmanlı və Azərbaycan ərazilərində yayılması, müqəddəs məkanların sosial funksiyaları, Yəsəvi türbəsinin turizm potensialı və digər aktual mövzular geniş şəkildə müzakirə olunub.

Qeyd edək ki, konfranslar silsiləsi Ankara Hacı Bayram Vəli Universiteti tərəfindən irəli sürülən layihə əsasında türkdilli dövlətlərdə mənəvi birliyi möhkəmlətmək məqsədi ilə icra olunur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search