Mayın 26-da ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər” adlı Respublika elmi-praktik konfransı keçirilib.
Konfransın açılışında ADPU-nun və Filologiya fakültəsinin rəhbərliyi, fakültənin professor-müəllim heyəti, eləcə də digər ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova açaraq, iştirakçıları salamlayıb, konfransın əhəmiyyətindən və Azərbaycan dilçiliyinin aktual məsələlərinin müzakirə olunmasının zəruriliyindən bəhs edib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Həcər Hüseynova, Müasir Azərbaycan dili kafedrasının dosenti Yeganə Qəhrəmanova Azərbaycan dilçiliyinin aktual problemləri ilə bağlı məruzə ediblər.
Konfrans öz işini “Dövlət, dil və dilçilik”, “Nəzəri dilçilik problemləri”, “Tətbiqi dilçiliyin müasir problemləri və inkişaf istiqamətləri” və “Tarixi-müqayisəli dilçilikdə müasir yanaşmalar” adlı bölmələrdə əyani və onlayn şəkildə davam etdirib.