1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Ölkəmizin tarixində baş verən bütün çətinliklərə baxmayaraq Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Lakin müstəqilliyin yenidən qazanılması ilə onun qorunması arasında mühüm fərq var idi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və liderliyi nəticəsində bu çətin və mürəkkəb yol uğurla keçildi. O, Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, ölkədə sabitliyi bərpa etdi və dövlət quruculuğunun əsaslarını gücləndirdi.
Məhz Ulu Öndərin bu təfəkküründən yararlanan və onun siyasi kursunu davam etdirəm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Bu gün ölkə Başçısı cənab İlham Əliyevin dövlətimiz üçün atdığı hər bir addım və qəbul etdiyi hər bir qərar Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması, ölkənin günü-gündən inkişaf etdirilməsi, xalqımızın rifahı və sosial-iqtisadi durumunun yaxşılaşması naminə atılan addımlardır. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, uğurlu qərarları və xalqımızın mərd oğullarının şücaəti sayəsində işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa edildi və müstəqillik simvollarımızdan olan Azərbaycanın üçrəngli bayrağı bütün bölgələrimizdə dalğalandırıldı.
Bütün bunlar bir daha göstərdi ki, AXC-nin varisi olan Azərbaycan dövləti hər zaman öz müstəqilliyini və əbədiliyini qorumağa qadirdir.
Turan KƏRİMLİ,
ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri