Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 28 May – Müstəqillik Günü münasibətilə elmi-praktik konfrans keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli, demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət milli dövlət quruculuğunun əsaslarını qoyub və xalqımızın müstəqil yaşamaq haqqını bütün dünyaya nümayiş etdirib. 1991-ci ildə müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisi elan edildi. Ulu Öndərin təşəbbüsü ilə 28 May rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlandı. 2021-ci ildə isə Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamla bu günə yeni hüquqi-siyasi məzmun verildi və 28 May tarixi artıq Müstəqillik Günü adı ilə rəsmi şəkildə təsbit olundu. Rektor bildirib ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib və xalqımız öz suverenliyini qürurla və əzmlə qoruyur. Xüsusilə, 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər müstəqilliyimizin gücünü, xalq–ordu–dövlət birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu zəfər nəticəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri, dosent Dəyanət Musayev Azərbaycan Xalq Cümhuriyyəti dövrü və onun fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Məruzədə bu dövrün milli dövlətçilik tarixində tutduğu yer, həyata keçirilən islahatlar və parlamentli idarə üsulu haqqında ətraflı məlumat verilib.
Tədbirin növbəti hissəsində ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müdiri professor Rafail Əhmədli “Mühacirət dövrü” haqqında məruzə ilə çıxış edib. Professor bildirib ki, 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra xaricə üz tutmuş ziyalılarımız istiqlal ideallarını yaşatmaq və dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm fəaliyyət göstəriblər. Professor çıxışında bu dövrü yalnız bir siyasi mübarizə deyil, eyni zamanda mədəni və ideoloji davamlılıq mərhələsi kimi xarakterizə edib.
Konfrans təqdim edilən məruzələr ətrafında müzakirələrlə davam edib.