Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Məzun Günü” münasibətilə tədbir təşkil olunub. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, tələbələr, valideynlər və qonaqlar iştirak ediblər. Qonaqlar arasında Regional İnkişaf İctimai Birliyinin (RİİB) Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova da yer alıb.
Filialın direktoru dosent Tünzalə Yusifova tədbirdə geniş çıxış edərək, məzunları və onların valideynlərini təbrik edib, onların gələcək həyat yollarında uğur qazanmalarını arzulayıb. Direktor qeyd edib ki, azad və suveren bir ölkədə böyüyən gənclik xoşbəxt və şanslıdır. Dövlətimizin təhsilə, eləcə də gənclərin intellektual, mənəvi və vətənpərvərlik ruhunda inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, bu gün ADPU-nun Şamaxı filialında vətənə bağlı, savadlı, məsuliyyətli və təşəbbüskar bir gənclik yetişir. Tünzalə Yusifova vurğulayıb ki, filial öz fəaliyyəti ilə regionda təhsilin inkişafına və kadr potensialının güclənməsinə mühüm töhfələr verir. Filialın məzunlarımız bu gün təkcə müəllim kimi deyil, eyni zamanda müxtəlif sahələrdə - dövlət və özəl qurumlarda, təhsil müəssisələrində, sosial layihələrdə və ictimai fəaliyyətlərdə uğurla fəaliyyət göstərirlər. Qeyd edilib ki, filaildan bu il 6 ixtisas üzrə ümumilikdə 138 nəfər məzun olur. Bu il Şamaxı filialı müəllimlik ixtisasları ilə yanaşı ilk dəfə Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri də məzun olurlar.
RİİB-in Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova məzunları mühüm gün münasibətilə təbrik edib. N.Qurbanova qeyd edib ki, ADPU-nun Şamaxı filialında tələbələrin könüllülük fəaliyyətinə geniş imkanlar yaradılır və bu da onların müxtəlif təşkilatlarda, o cümlədən RİİB çərçivəsində çoxşaxəli sahələrdə uğurla fəaliyyət göstərməsinə şərait yaradır.
Tədbirin davamında məzunlar da çıxış edərək təhsil aldıqları illərlə bağlı xatirə və təəssüratlarını bölüşüblər, filialın rəhbərliyinə, müəllimlərinə və valideynlərinə təşəkkürlərini bildirdiriblər.
Təhsil aldıqları müddətdə təhsildə və ictimai-sosial fəallıqları ilə seçilən bir sıra məzuna filialın rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələr təqdim olunub.