Azərbaycanın energetika sahəsində uğurlarının təməli hələ 90-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Onun gələcəyə baxan, qətiyyətli, inamlı və milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilmişdir. Bu baxış və siyasi uzaqgörənlik bu gün də Azərbaycanın enerji gələcəyinin təminatıdır.
Bu gün Azərbaycan beynəxalq səviyyəli təşəbbüslərlə çıxış edən və həmin layihələri uğurla reallaşdıran nüfuzlu ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin inkişafına yönəlmiş və müsbət nəticələr vermiş islahatlar enerji sahəsində də həyata keçirilir.
Cari ilin iyunun 2-də öz işinə başlayan 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti bir araya gətirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yubiley tədbirinin açılış mərasimində Azərbaycanın 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək keçdiyi inkişaf yolundan bəhs edərək qeyd etdi: “Bir daha vurğulandı ki, bunlar Ulu Öndər Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Həmin dövrdə Ümummilli Lider dünya təcrübəsinə əsaslanaraq bu çağırışı səsləndirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu reallıq da xüsusi qeyd edilmişdir ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda müstəqillik uğrunda yolun həmin tarixi məqamdan başlandığı aydın olur. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün enerji siyasətimizin iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsi olduğunu görürük”.
Ölkə başçısı cənab İlham Əliyev çıxışında, həmçinin Azərbaycanın yaşıl enerji gündəliyinə də toxunaraq 2030-cu ilə qədər ölkədə bərpaolunan enerji mənbələri əsasında 6,5 giqavat gücündə elektrik enerjisi istehsalı planlaşdırıldığını qeyd edib. Bu göstərici ümumi enerji balansının təqribən 35 faizini təşkil edəcək və həm daxili enerji tələbatının ödənilməsinə, həm də ixraca yönəlmiş qaz ehtiyatlarının optimallaşdırılmasına şərait yaradacaq. Bu məqsədlə xarici investorlarla artıq müqavilələr imzalanıb və layihələrin icrası sürətlə davam etdirilir.
Ümumiyyətlə son 21 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyası olduqca genişdir: Enerji sektoru əməkdaşlıq əlaqələrinin qurulmasında əsas amillərdən biridir və Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması beynəlxalq səviyyədə təqdir edilir. Bir sözlə, neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır.
dosent Reyhan AĞAYEVA,
ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru