Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayevin moderatorluq etdiyi tədbir Ulu Öndərin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü yolunda şəhid olmuş həmvətənlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirin açılışında çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində müstəsna yer tutduğunu vurğulayıb. Rektor qeyd edib ki, Heydər Əliyev ölkəmizi zamanın çətin sınaqlarından çıxararaq sabitliyə, dirçəliş və tərəqqiyə doğru aparmış dahi şəxsiyyətdir. Ulu Öndər rəhbərliyinin birinci dövründə -1969-1982-ci illərdə Azərbaycanı müstəqilliyə aparacaq yolun ilkin təməlini formalaşdırmış, totalitar sistemin hökm sürdüyü bir şəraitdə uzunmüddətli gələcəyə hesablanan strateji əhəmiyyətli qərarlar qəbul etmişdir. SSRİ-nin ali idarəçilərindən biri kimi Moskvada işlədiyi 1982-1987-ci illərdə də Heydər Əliyev Azərbaycanı heç zaman unutmamış, tutduğu yüksək vəzifənin imkanlarından doğma xalqının rifahı və tərəqqisi naminə istifadə etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider vətəndaş müharibəsi həddinə çatmış ölkəni qısa müddətdə sabitləşdirərək demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti və dayanıqlı iqtisadiyyat quruculuğunun bünövrəsini qoymuşdur. Cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən köklü islahatlar nəticəsində ölkədə davamlı ictimai-siyasi sabtlik bərqərar olmuş, iqtisadi dirçəliş başlanmış, xalqın gələcəyə inamı bərpa olunmuşdur. Bütün bunlara görə xalqımız Ulu Öndərin xatirəsini həmişə uca tutur, əvəzsiz xidmətlərini heç vaxt unutmur, yenidən hakimiyyətə gəldiyi günü - 15 İyunu hər il yüksək səviyyədə qeyd edir.
“Heydər Əliyev – müstəqil Azərbaycanın memarıdır” mövzusunda çıxış edən Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova Ulu Öndərin 1993-2003-cü illərdəki çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərindən, onun zəngin siyasi irsinin əhəmiyyətindən danışıb. Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev- Azərbaycandır” sənədli filmi nümayiş olunub.
Elmi-təşkilati şöbənin müdiri, f.e.d., professor İbrahim Bayramov “Azərbaycan dilinin inkişafına Heydər Əliyev qayğısı” mövzusunda çıxış edərək, dilimizin qorunması, zənginləşdirilməsi, dövlət dili statusu alması, dilçi alimlərin fəaliyyətinin stimullaşdırılması kimi məsələlərdən bəhs edib. Tarix və coğrafiya fakültəsinin dekan müavini Elvira Kərimova isə öz çıxışında Heydər Əliyevin rəhbərliyinin hər iki dövründə Azərbaycan təhsilinin inkişafı sahəsində həyata keçirilən tədbirlərə toxunub.
Tədbirin bədii hissəsində “Adınla yaşayır Azərbaycan” mahnısı video formatında nümayiş olunub. “Gənclər siyasəti – ön planda” mövzusunda çıxış edən ADPU Yeni Klubunun rəhbəri Məleykə İsmayılova Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbirdə həmçinin universitetdə artıq ənənəyə çevrilmiş “Heydər Əliyev dərsləri” barədə hesabat təqdim olunub. Bildirilib ki, bu dərslər Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, 2023-cü ilin ilk aylarından etibarən keçirilir və bu gün də birinci kurs tələbələri arasında davam etdirilməkdədir. Təqdimatın sonunda “Heydər Əliyev dərsləri”nin təşkilinə yaxından dəstək göstərmiş universitet əməkdaşları –Tarix və coğrafiya fakültəsinin dekan müavini Elvira Kərimova, Filologiya fakültəsinin dekan müavini Gülər Süleymanova və Fizika fakültəsinin tyutoru Aytac Orucova “Təşəkkürnamə” ilə təltif olunublar. Mükafatları rektor Cəfər Cəfərov təqdim edib.