Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur.
Şuşa Bəyannaməsi həm də bölgədə inteqrasiya proseslərinin dərinləşməsi baxımından ciddi perspektivlər yaratdı. Bu sənədin siyasi və iqtisadi dinamizmi region ölkələri üçün yeni əməkdaşlıq formatları təklif edir. Azərbaycan və Türkiyə arasında koordinasiya olunmuş regional siyasət, həm də Zəngəzur dəhlizi kimi mühüm nəqliyyat layihələrinin reallaşmasına töhfə verir. Bu, bölgədə dayanıqlı sülhün və qarşılıqlı etimadın əsasını təşkil edir.
Bəyannamə yalnız bu günün deyil, həm də gələcəyin sənədidir. O, Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji xəritəsini müəyyənləşdirir və əlaqələrin uzunmüddətli inkişaf trayektoriyasını cızır. Bu sənədin icrası sayəsində qarşıdakı illərdə hər iki ölkə arasında inteqrasiya səviyyəsi daha da yüksələcək, əməkdaşlıq yeni məzmun və forma alacaqdır.
Bir sözlə, Şuşa Bəyannaməsi Türk birliyinin, regional sabitliyin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın təcəssümüdür. Bu bəyannamə ilə Azərbaycan və Türkiyə bir daha sübut etdi ki, tarixi qardaşlıq yalnız keçmişin mirası deyil, gələcəyin də təminatıdır.
Könül HƏSƏNOVA,
ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent