Previous Next

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrilib

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ümummilli Lider Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrilib, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edilib. Xalqımız artıq beş ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyevin olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünə xas uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Ölkə başçısı cənab İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

Bir sözlə, 1991-ci ilin oktyabrında formal olaraq elan edilməsinə baxmayaraq, 1993-cü ilin iyunundan, yəni Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan gələcəyə əmin addımlarla irəliləməkdədir.

 

Eldar ASLANOV,

ADPU-nun tədris işləri üzrə prorektoru, s.e.f.d., dosent

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search