Sentyabrın 15-də cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yüksək nəticə ilə qəbul olunan tələbələrlə görüş keçirilib. Görüşdə universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, universitet və fakültələr üzrə ən yüksək nəticə ilə universitetə qəbul olunan tələbələr iştirak ediblər.
Bu il ADPU-nun bakalavr və magistratura pilləsinə daxil olan tələbələr arasında kifayət qədər yüksək nəticə göstərən abituriyent var. Onların arasında ölkəmizin ən gənc tələbəsi olan 15 yaşlı Əsmər Məmmədova və 651.9 balla ADPU-ya qəbul olunan Zümrüd Tağızadə kimi tələbələr də var. Ümumilikdə cari ildə Pedaqoji Universiteti seçən tələbələr arasında 5 nəfəri 600-dən, 211 nəfəri isə 500-dən yüksək bal toplayıb.
Tanışlıq xarakterli görüşdə rektor prof. C.Cəfərov çıxış edərək tələbələri yüksək nailiyyət əldə etmələri və xüsusən ADPU-da peşəkar müəllim olmağı seçmələri münasibəti ilə təbrik edib.
Rektor nitqində universitet haqqında geniş məlumat verərək ölkəmizin ən qocaman və böyük, nüfuzlu ali təhsil ocaqlarından olan ADPU-nun müəllim hazırlığında flaqman rolunu vurğulayıb və bildirib ki, hər il yüksək balla universiteti seçən tələbələrin dinamikasındakı artım da ADPU-da aparılan islahatların və müəllim peşəsinin nüfuzunun qalxmasının göstəricisidir.
C.Cəfərov diqqətə çatdırıb ki, son altı il ərzində ADPU-nun qəbul planı 2200 nəfərdən 2470 nəfərə qədər artıb və bu il ilk dəfə olaraq plan yeri tamamilə, 100 faiz dolub.
Öz növbələrində yüksək nəticə göstərən tələbələr də öz təəssüratlarını bölüşərək yüksək nəticə ilə müəllimlik ixtisaslarını seçməyin artıq təsadüfdən hədəfə çevirildiyini, özlərinin də bu hədəfə çatdıqları üçün xoşbəxt olduqlarını vurğulayıblar. Tələbələr ADPU-da arzusunda olduqları müəllimlik sənətinin incəliklərinə dərindən yiyələnəcəklərini ifadə edərək bu sahəni seçmələrində ADPU-nun müsbət imicinin, onlara dərs deyən müəllimlərinin və ailələrinin tövsiyələrinin rolundan, müəllimlik sənətinə olan sevgilərindən danışıblar.
Görüş səmimi söhbət formatında davam etdirilib. Sonda tələbələrə universitetin atributları hədiyyə olunub.