Dünyada sürətlə dəyişməkdə olan geosiyasi şərait sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın dəstəklənməsində, ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə indi daha böyük vəzifələr düşdüyünü göstərir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi önəm daşıyır.
ATəşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində cari ilin sentyabrın 15–16-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət edilməsi respublikamızın, xüsusilə dövlətimizin başçısının dünya miqyasında nüfuzunun və ölkə rəhbərinə göstərilən yüksək ehtiramın əyani təsdiqidir.
Zirvə görüşündə çıxışı zamanı Ölkə başçısı bir daha bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat–kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Bu gün Azərbaycan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Əlbəttə, Zəngəzur dəhlizi tək Azərbaycan üçün deyil, bütün bölgə dövlətləri, o cümlədən, Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr üçün də iqtisadi əhəmiyyət daşıyan faktordur.
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistanın Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərində bu ölkələrlə müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdirilməsinə maraqlı olduğunu bildirmiş, həmçinin sentyabrın 12-13-də Ermənistan–Azərbaycan sərhədi zonasında təxribatla bağlı ölkəmizin qəti mövqeyini, sülh siyasətinə sadiqliyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Dövlətimizin başçısı çıxışı zamanı, həmçinin, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti narahatlıq doğurduğunu qeyd etmişdir. Bu baxımdan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini qeyd etmək yerinə düşür. Hələ də beynəlxalq münasibətlərdə ikili standartlara yol verilir. Belə ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycanla bağlı qəbul edilmiş məlum qətnamələr isə 27 il ərzində icra olunmamışdır.
Bütün bunlara baxmayaraq Azərbaycan bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan hazırda BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın bu təşkilata sədrlik müddətinin daha bir il uzadılması ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir.
Rəşad Sadıqov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri