1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilsə də, 30 ilə yaxın bir dövrdə bu tələb yerinə yetirilmədi. ATƏT-in Minsk qrupunun edə bilmədiyini Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində güc yolu ilə gerçəkləşdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal altında olan torpaqlarımızı öz uğurlu siyasəti nəticəsində düşməndən azad edərək Ermənistanın kapitulyasiyasına nail oldu. Beləliklə, Dövlət başçısı sübut etdi ki, heç bir siyasi təzyiq onu yolundan döndərə, torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını ala bilməz.
Müzəffər Ali Baş Komandanın sarsılmaz qətiyyəti və Şanlı Ordumuzun qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızdan olan Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Zəngilan rayonu Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunu azad etməsi Azərbaycan ordusunun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycanla İran arasında 132 kilometrlik sərhəd bərpa edildi. Zəngilanı Naxçıvanla ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcəkdir.
Ulu öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. İndi isə rayonun tarixi-dini abidələri erməni terroruna məruz qalmışdır. Məscidlər və ziyarətgahlar İmam Hüseyn məscidi, Zəngilan məscidi, Xanazor, Yeməzli alban kilsələri, Sultan Heydər piri, Hacıllı günbəzi, Soltan ocağı və bir çox yerlər tamamilə dağıdılıb. Hal-hazırda Zəngilan məscidinin bərpası ilə bilavasitə Heydər Əliyev Fondu məşğul olur. Cənab Prezidentin dediyi kimi, bütün dağıdılmış abidələrimiz, mədəniyyət müəssisələrinin binaları bərpa edilərək əvvəlki görkəminə qaytarılacaq. Zəngilanın yenidən dirçəlməsi üçün “ağıllı kənd” layihəsi artıq reallaşmaq üzrədir. Birinci pilot layihə Ağalı kəndində icra edildi. Kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
“Böyük Qayıdış”ın ilk addımları məhz Zəngilandan başlamışdır. İşğaldan azad edilən bütün şəhərlərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası, müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi Qarabağımızın inkişafı ilə bağlı möhtərəm Prezidentimizin istəklərini nümayiş etdirir.
Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim