Previous Next

Qubadlı rayonu qəhrəman Azərbaycan övladlarının böyük şücaəti və əzmkarlığı sayəsində xilas edildi!

1988-ci ildən başlayaraq Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonuna təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmiş və 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində əvvəlcə Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli mənfur düşmənin tapdağından azad edildi. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Strateji əhəmiyyəti ilə seçilən Qubadlı rayonunun  işğaldan azad edilməsi isə 44 günlük müharibədə qələbə əldə olunması baxımından mühüm önəm kəsb edirdi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildikləri üçün Qubadlı şəhərində düşmən tərəfindən güclü istehkamlar qurulmuşdu. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər düşməndən təmizlənməli idi. Azərbaycan Ordusu peşəkarlığı və fədakarlığı ilə ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.

Əlbəttə ki, Qubadlı şəhəri daxil olmaqla, uzun illər düşmən tapdağında olan rayonun digər yaşayış məntəqələri qəhrəman Azərbaycan övladlarının böyük şücaəti və əzmkarlığı sayəsində xilas edildi. Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşdükləri zaman Ali Baş Komandan doğma torpaqların çətin döyüş əməliyyatları ilə azad edilməsindən danışaraq qeyd etmişdir: “Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi. Mənə məlumat verilir ki, indi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir, XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.

Bu gün doğma yurdumuz Qubadlının işğaldan azad olunmasından iki il ötür. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

Cari ilin Oktyabrın 19-da Ölkə başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olmuş, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymuşlar. Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından da strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Rəşad Sadıqov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search