Previous Next

ADPU-da Respublika elmi konfransı: “Psixologiyanın aktual problemləri”!

Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Şöhrət” ordenli, Əməkdar elm xadimi, psixologiya elmləri doktoru, professor Əbdül Əlizadənin 90 illik yubileyinə həsr olunmuş “Psixologiyanın aktual problemləri” Respublika elmi konfransı öz işinə başlayıb.
Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, ictimai xadimlər, tanınmış psixoloqlar və pedaqoqlar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə prof. Ə.Əlizadənin elmi əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Plenar iclası giriş sözü ilə açan ADPU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri professor Cəfər Cəfərov görkəmli alim Əbdül Əlizadənin Azərbaycan psixologiya elmində yeni məktəb yaradan böyük şəxsiyyət olduğunu diqqətə çatdırıb və onun elmi irsinin öyrənilməsində bu konfransın əhəmiyyətindən söz açıb.
Rektor Respublika elmi konfransında üç bölmə üzrə psixologiya elminin müasir problemlərinə dair müxtəlif ali təhsil və elmi-tədqiqat müəsissələrindən daxil olmuş 100-ə qədər məruzənin dinləniləcəyini qeyd edib.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın təşkilat komitəsinin sədr müavini professor Asəf Zamanov ADPU-nun görkəmli alimlərinin elmi irsinin öyrənilməsi və yaşadılması məqsədi ilə sislsilə tədbirlərin icra olunduğunu diqqətə çatdıraraq, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında və psixologiya elm sahəsində prof. Ə.Əlizadənin uğurlarından bəhs etmiş, onun nailiyyətlərinin ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğulamışdır. Natiq, Ə.Əlizadənin uzun illər ərzində rəhbərlik etdiyi ADPU-nun Ümumi psixologiya kafedrasında alimə həsr edilmiş xüsusi guşənin açılmasını da konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış edənlərdən Bakı Mühəndislik Universitetinin rektoru prof. Havar Məmmədov, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı prof. Fərrux Rüstəmov, Məktəbəqədər təhsil fakültəsinin dekanı dos. Nailə Hüseynova, BDU-nun Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru prof. Nazim Kazımov, ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru dos. Faiq Şahbazlı, Təhsil İnstitutunun direktor müavini Aydın Əhmədov, prof. Şahlar Əsgərov və dos. Hökümə Əliyeva Azərbaycan psixologiya elminin inkişafında professor Əbdül Əlizadənin müstəsna rolundan söz açaraq böyük alimin ilk milli taksonomiyaları yaratdığını xüsusilə vurğulamış, eyni zamanda onun nəcib insani dəyərlərə malik böyük şəxsiyyət olduğunu bildirmişlər.
Konfransda professor Ə.Əlizadənin seçilmiş əsərlərindən ibarət çoxçildliyin ilk cildi də təqdim olunub.
ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev isə “Professor Əbdül Əlizadə” mövzusunda məruzə ilə çıxış etmişdir.
Plenar iclasdan sonra Respublika elmi konfransı “Əbdül Əlizadə yaradıcılığında psixopedaqoji məsələlər”, “Psixologiyada gender problemləri” və “Şəxsiyyət və etnopsixologiyanın aktual problemləri” bölmələrində işini davam etdirdi.

 

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search