Previous Next

Pedaqoji Universitetdə "Zəfər Salnaməsi" adlı tədbir keçirilib!

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər Salnaməsi" adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Səbail Rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Elnarə Əliyeva və Nəsimi Rayonu Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Şahmar Möhsümov, prorektorlar, fakültə dekanları və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən rektor prof. Cəfər Cəfərov dedi: “2020-ci ilin 27 sentyabrında 30 ildir torpaqlarımızı işğalda saxlayan Ermənistanın iyul ayından bəri bütün cəbhə boyu genişmiqyaslı təxribatlarına cavab olaraq başlanan və tarixə şanlı "Dəmir Yumruq" əməliyyatı kimi düşəcək əks-həmlə əməliyyatı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalq-ordu-dövlət birliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək, Vətənimizin ərazi bütövlüyünü təmin elədi və bölgədə yeni reallıqlar yaratdı.”
Rektor diqqətə çatdırıb ki, artıq doğma torpaqlarımıza böyük qayıdış prosesi tam sürətlə davam edir, bölgədə sürətli bərpa-quruculuq işləri, nəhəng infrastruktur layihələri həyata keçirilir.
Qazanılan tarixi qələbənin şəhid qanları bahasına əldə edildiyini vurğulayan prof. C.Cəfərov Vətən müharibəsi şəhidləri və qaziləri sırasında ADPU-nun da tələbə və məzunlarının olduğunu deyib: “13 tələbə və məzunumuz, habelə bu ilin sentyabr təxribatları zamanı da 1 məzunumuz şəhadətə yüksəlib. Tələbələrimiz arasında hazırda 5 nəfər qazimiz, məzunlarımızdan 200-dək müharibə iştirakçısı var.”
Zəfərlə bağlı videoçarxın izlənilməsindən sonra ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Azərbaycan", "İncə belli" mahnıları, "Laçın" şeiri ifa olunmuş, "Uzundərə" və "Naxçıvani" kimi xalq rəqsləri nümayiş olunmuşdur.
Tələbələr tərəfindən Zəfər Günü ilə bağlı müxtəlif səhnəciklər göstərilmişdir.
ADPU-nun dosenti, tarixçi Pərviz Səfərov Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri haqqında ətraflı məlumat vermişdir.
Sonda “Buta” instrumental musiqi ansamblının ifasında “Xudayar” təsnifinin təqdim olunmasından sonra tədbir incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam etmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search